Gələn aydan uşaqlar icbari müayinələrə cəlb olunacaq
25 Yanvar 2013 12:45 (UTC+04:00)
"Azərbaycan Respublikasında uşaqların icbari dispanserizasiyası
haqqında " qanun layihəsi yaxın günlərdə qəbul olunacaq. Bu sözləri
Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin
sədr müavini Musa Quliyev söyləyib: "Bu gün Komitənin iclasında
"Azərbaycan Respublikasında uşaqların icbari dispanserizasiyası
haqqında " qanun layihəsi təkrar müzakirə olunacaq. Bundan sonra
qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyyə olunacaq. Yəqin
ki gələn ay bu qanun qəbul olunacaq".
M. Quliyev sözügedən qanunun qəbulunun uşaqların yaşına uyğun
olaraq, ildə ən azı bir dəfə icbari qaydada dispanser müayinədən
keçirilməsini təmin edəcəyini söylədi. İndi elə valideynlər var ki,
uşağını vaxtlı-vaxtında tibbi müayinələrdən keçirmir. Bu isə
uşaqlarda yaranan xəstəliklərin erkən dövrdə aşkarlanmamasına
gətirib çıxardır. Amma yeni qanun səhiyyə işçiləri ilə yanaşı,
valideynlərin də məsuliyyətini artıracaq".