Yuxarı sinif şagirdləri arasında narkotik maddə istifadəçilərinin sayı artıb

25 Yanvar 2013 15:45 (UTC+04:00)
Bakının ətraf kəndlərindəki orta məktəblərə narkotik maddələrin kecirilməsinin qarşısının alınması üçün izləyici kameralar quraşdırılır. Movqe.az-a daxil olan məlumata görə, artıq əksər orta məktəblərin girişlərində təhsil müəssisələrinə daxil olanların, məktəbin həyətində, yaxınlığında şagirdlərlə təmasda olanların izlənməsi kameralar vasitəsilə aparılır. Kameraların əsasən paytaxtın Binəqədi rayonu ərazisindəki orta məktəblərə quraşdırıldığı barədə məlumat verilir. Yuxarı sinif şagirdlərinin narkomaniyanın qurbanı olmasını əngəlləmək məqsədilə aparılan bu işlərin, yaxın vaxtlarda bütün Bakı məktəblərini əhatə edəcəyi bildirilir. Qeyd edək ki, son vaxtlar ölkədə narkotik vasitələrin istifadəçilərinin yaş senzində azalma müşahidə olunmaqdadır. Çox təəssüf ki, məktəblilərin də bu bəlaya düçar olması halları istisna deyil. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev də təsdiqləyir. Nazir müavini öz çıxışında bildirib ki, Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var: "Ölkədə məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Bu bizi narahat edir. Bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır".
Məktəb yaşlı uşaqlar arasında narkotik maddə istifadəçilərinin statistikası açıqlanmasa da, bu faktın olduğu danılmır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı isə orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbirlərinin aparılmasının hüquq mühafizə orqanlarının işi olduğunu söylədi: "Orta məktəblərə izləyici kameraların quraşdırılması məktəb direktorunun keçirilən dərsləri izləməsi üçün əlverişlidir. Amma məktəb yaşlı uşaqları bu bəladan qorumaq təhsil işçilərinin işi deyil. Təbii ki, orta məktəblərdə şagirdlərə narkotik maddələrin istifadəsinin hansı bəlalara yol açdığı barədə marifləndirici tədbirlər keçirilir. Demək olar ki, məktəblilərin çoxu narkotik maddələrdən istifadənin sonunun necə nəticələndiyindən məlumatlıdırlar. Amma məktəb şagirdi narkomanların təsirinin altına düşməkdən qoruya bilməz. Çünki, şagirdin gününün 5-6 saatı məktəbdə keçir. Valideynlər də öz uşaqlarını bu bəladan qorumaq üçün başa salmalı, onun fəsadları barədə öz övladları ilə söhbət etməlidirlər. Amma təbii ki, uşaqların keçid dövrü, yeniyetməlik dövrü, məktəbdə təhsil aldığı vaxta təsadüf etdiyindən, bu yaşda uşaqlar ətrafdan özlərinə qarşı edilən diqqətlərə laqeyid münasibət göstərmirlər. Ona görə, də xüsusilə 15-16 yaş dövründə oğlan uşaqlarının narkotik vasitələrin istifadəsi, alqı-satqısı ilə məşğul olanların əhatəsinə düşmək riski böyük olur. Valideynlər də övladlarının bu yaş dövründə onlara diqqət göstərməli, onların kimlərlə dostluq etdiyini, dərsdən sonra asudə vaxtını kimlərin əhatəsində keçirdiklərinə nəzarət etməlidirlər".   
Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev isə deyir ki, təəssüfedici hal olsa da, orta məktəblərin yuxarı sinif şagirdləri arasında narkotik maddə istifadəçilərinin sayı çoxalıb: "Bu danılmaz faktdır ki, orta məktəblərin üst siniflərində narkotik maddələrin istifadəçisinə çevrilmiş şagirdlər var. Düzdür orta məktəblərə, məktəblərin giriş-çıxışlarına  kameraların quraşdırılması şagirdlərin bu bəlanın qurbanına çevrilməsinin qarşısını müəyyən mənada ala bilər. Ən azından narkotik maddələrin alqı-satqısı ilə məşğul olanlar təhsil müəssisələrinin ətrafında özlərinə müştəri toplamaqda çəkinərlər. Amma bu müəyyən mənada tövhə verə bilər. Yenədə məktəblilər narkomaniyanın necə bəla olduğu barədə məlumatlandırılmalıdırlar ki, onlar narkotika alverçilərinin toruna düşməsinlər. Düzdür, hazırda məktəblərdə belə marifləndirici tədbirlər keçirilir. Amma kameraların quraşdırılması, hüquq-mühafizə orqanlarının tədbirləri ilə yanaşı yenədə hədəf orta məktəblərdə narkomaniyanın acı fəsadlarına yönəlik təbliğat-təşviqat işlərinin aparılması olmalıdır":
M. Əfəndiyevin sözlərinə görə, statistik rəqəmlər narkomaniyanın qurbanlarının yaşının ili-ildən cavanlaşdığını göstərir: "Bu təhlükədən xəbər verir. İslah-əmək müəssisələrində narkotik maddələrin alqı-satqısına görə cəza çəkənlərin 35 faizi gənclərdir. Onların arasında orta məktəb vaxtından narkotik maddələrin istifadəsinə qurşanıb sonradan narkotik maddələrin alqı-satqısı ilə məşğul olanlar da var. Ona görə də, məktəb yaşlı yuxarı sinif şagirdlərinin narkomaniyanın qurbanına çevrilməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir".