Ticarət obyektlərinin icarəsində vergidən pulların gizlədilməsi çətinləşəcək

25 Yanvar 2013 17:40 (UTC+04:00)

Məlumdur ki, hazırda ticarət mərkəzlərində mövcud olan problemlərdən biri də ikili mühasibatlığın olmasıdır. Bu əməldə əsas məqsəd dövlətə ödəniləcək vergidən yayınmaqdır. Məsələnin aradan qaldırılması istiqamətindən müvafiq olaraq həm inzibati, həm də cəzalandırıcı tədbirlər görülsə də, hələlik problem tam çözülməyib.

Elə bunun nəticəsidir ki, qeyd olunan yolla vergi ödənişlərindən yayınanlar az deyil. Məsələ Vergilər Nazirliyini də narahat edir. İri ticarət mərkəzləri, o cümlədən "Binə" və "Sədərək"də məsələnin həlli üçün kassa aparatlarının quraşdırılması istiqamətində müvafiq addımlar atılacaq.

Digər tərəfdən bu ildən etibarən Azərbaycanda obyekt sahiblərindən icarə gəlirlərindən tutulan vergi bazar qiymətləri əsasında hesablanacaq. Bunu vergilər nazirinin I müavini Natiq Əmirov bildirib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, daşınmaz əmlakın icarə münasibətlərində bazar qiymətlərinin tətbiqi nəzərdə tutulur. Nazir müavini xatırladıb ki, hələ 5 il əvvəl qərara alınmışdı ki, Nazirlər Kabineti icarə qiymətlərinin vergiyə cəlb olunması üçün minimum icarə haqqı qiymətləri müəyyən etsin: "Lakin indiyədək bu qiymətləri dəqiqləşdirmək mümkün olmayıb. Ona görə də Vergilər Məcəlləsinə budəfəki dəyişikliklərdə qərara alınıb ki, icarə münasibətlərində vergi orqanları bazar qiymətlərini tətbiq edə bilər. Bu yenilik obyekt sahiblərinin işinə müdaxilə və ya hüquqlarının pozulması deyil. Onlar istədikləri şəxsə öz obyektlərini istənilən qiymətə, hətta havayı icarəyə verə bilərlər. Amma obyektin icarəyə verilməsindən vergi hesablananda icarənin bazar qiyməti əsas götürüləcək. Yəni, icarə haqqının neçə olmasından asılı olmayaraq, vergi bazar qiymətindən tutulacaq. Yəni, dövlət deyir ki, sən istənilən şəxsə hər cür güzəşt edə bilərsən, amma bu güzəşt dövlətin hesabına olmamalıdır".

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov da qanunun bu tələbini tam olaraq dəstəkləyir: "Ən əsası işləyən insanın, əməyin inkişafına şərait yaradılmalıdır. İndi elə bir vəziyyyət gəlib ki, işləməyən, həyatında bir gün istehsalatda fəaliyyət göstərməyən, heç bir əməyi olmayan, gecə - gündüz kef edənlərin əksəriyyəti vaxtı ilə sovet dönəmində Kommunist Partiyasının onlara verdiyi hədiyyəni (binaların birinci mərtəbəsini, daşınmaz əmlakı) onlar ticarət obyektinə çeviriblər. Bəxtlərindən də bu obyektlər paytaxtın mərkəzinə düşüb. Həmin obyektləri də icarəyə veriblər. Ayda külli-miqdarda pul alırlar. Onlar kirayə müqaviləsində bunu kiçik məbləğdə icarəyə verdiyini göstərirlər. Dövlətə də müqavilədə göstərdiyi vəsaitin vergisi verilir. Qalanlarını isə dövlətdən gizlədirlər. Pulu Bakıda qazanır, xaricdə xərcləyirlər. Bundan sonra isə artıq kirayə qiyməti bazar qiyməti ilə müəyyənləşdiriləcək. Yəni, sən onu nə qədər məbləğə kirayəyə verərsən özün bilərsən, amma onu ərazi üzrə müəyyənləşdirilmiş qiymətlərlə müəyyən etməlisən. Bununla da vergidən yayınmaq olmayacaq".

Ekspert yüksək qiymətə verilən kirayə haqlarının aşağı salınması metoduna da toxundu: "Türkiyənin bəzi yerlərində bir prospektin hər iki tərəfində ticarət mərkəzi var. Sağda özəl olduğuna görə icarə bahadır. Soldakı ticarət mərkəzini isə bələdiyyə tikdirib. Orada icarə haqları yoxdur. Bununla bələdiyyə sağdakı obyektləri də qiymətləri aşağı salmağa məcbur edir. Biz elə etməliyik ki, sovet dövründən hədiyyə almış mülk sahibləri işləsin. Ümumiyyətlə, dünyanın heç bir ölkəsində yaşayış binasının birinci mərtəbəsi restoran deyil. Dövlət Əmlak Komitəsi bu məsələyə ciddi münasibət bildirməlidir. Dünyada baqqal, bazar yox səviyyəsindədir. Artıq onların yerini supermarketlər tutub. Tıxacın aradan qaldırılmasının bir yolu da budur. Binaların altında olan marketləri, restoranları yığışdırmaqla tıxac həll oluna bilər".