LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

25 Yanvar 2013 08:29 (UTC+04:00)

Mövcuddünya təcrübəsi göstərir ki, bu gün ölkələrin dinamik və maneəsiz inkişafını şərtləndirən əsas məqamlardan biri də ərzaq təhlükəsizliyinin təminidir. Bu kontekstdə isə ərzaq bazarının vəziyyəti öz növbəsində aqrar bölmənin fəaliyyət ahəngdarlığına mühüm təsir imkanına malikdir.

Ərzaq bazarının fəaliyyətini xarakterizə edən göstəricilər, xüsusilə, qiymətlər, istehlak səbətinin dəyəri, fermerlərin gəlirləri kimi göstəricilər aqrar bölmənin inkişaf strategiyasını bu və ya digər zaman kəsiyində hansı prioritetlər əsasında reallaşmasından asılı olaraq formalaşır.

Bu mənada faktdır ki, istehlak sisteminin regional səviyyədə idarə olunmasını əlaqələndirmək, onların kənd təsərrüfatının yeyinti sənayesi ilə qarşılıqlı münasibətlərini optimallaşdırmaq, istehlakçı kontingentinin xüsusiyyətlərini nəzərə alan uzunmüddətli çeşid siyasəti yeritmək olduqca zəruridir.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları bazarın sərt və dinamik tələblərinə adekvat reaksiya üçün zəruri maliyyə imkanlarının olması da vacibdir. Qeyd olunan istiqamətlərdə ölkəmizdə, xüsusən də regionlarda zəruri addımlar atılır. Belə ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında torpaq və əmlak üzərində xüsusi mülkiyyətçilik bərqərar olunub. Kənddə sahibkarlar təbəqəsi yaranıb, kiçik və orta sahibkarlığın inkişafına şərait yaxşılaşıb. Eləcə də aqrar sahədə müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişlənir. Kənd təsərrüfatında torpaq və əmlakdan səmərəli istifadəyə imkanlar artıb, iqtisadi tənəzzülün qarşısı alınıb, istehsalın dinamik inkişafına zəmin yaranıb. Bundan başqa kənd təsərrüfatında istehsalın mərkəzdən planlı idarə edilməsi özünüidarə ilə əvəz edilib. Regionların da inkişafına böyük töhfə verən bütün bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dönəmdə Heydər Əliyev bazar iqtisadiyyatının tələblərinə cavab verən aqrar islahatlara start vermişdi. Ulu öndər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyərkən 1992-ci ilin aprel ayında muxtar respublikanın qanunverici orqanının sessiyasında aqrar islahatlara dair xüsusi qərarlar qəbul olunmuşdu. O dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində Heydər Əliyev tərəfindən həyata keçirilməklə qoyulan torpaq islahatları ümummilli liderin respublika Prezidenti seçilməsindən sonra bütün ölkəyə tətbiq edildi. Bu proses dünyada analoqu olmayan bir şəkildə, yəni torpaqların pulsuz olaraq əvəzsiz pay kimi vətandaşlara verilməsi ilə həyata keçirildi.

Təcrübəli rəhbər kimi Heydər Əliyev bildirirdi ki, müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməli, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır. Ulu öndər qeyd edirdi ki, təsərrüfat sahəsində iqtisadi islahatlar Azərbaycanın yeganə yoludur və respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsində, mülkiyyət formalarının dəyişdirilməsində, sahibkarlıq üçün şərait yaradılmasında və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində aqrar bölmənin ehtiyat mənbələri böyük əhəmiyyət kəsb edir. Bütün bunların məntiqi nəticəsi olaraq Heydər Əliyev ölkə əhalisinin ərzaqla, sənayenin bir çox sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların keçirilməsinin sürətləndirilməsini ilk plana çəkirdi. Bundan başqa Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 1993-cü ildən başlayaraq hər il azı iki və ya üç dəfə kənd təsərrüfatının, aqrar bölmənin problemlərinə dair müşavirələr keçirilməsinə başlandı. 1993-2000-ci illərdə belə müşavirələrin tez-tez keçirilməsi həm də ölkədə özəlləşdirmə və torpaq islahatları aparmaq üçün daha əlverişli qərarların qəbul edilməsinə, qanunverici bazanın təkmilləşdirilməsinə, icra strukturları arasında düzgün koordinasiyaya nail olmağa xidmət edirdi.

1994-cü ilin dekabrın 23-də kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş belə respublika müşavirəsində aqrar islahatların vacibliyinə diqqət çəkən ulu öndər qeyd edirdi: "Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir". Bundan sonra aqrar islahatları həyata keçirmək üçün mükəmməl hüquqi baza yaradıldı, onlarla fərman, sərəncam və digər hüquqi aktlar hazırlandı.

1995-ci il fevralın 18-də "Aqrar islahatın əsasları haqqında" qüvvəyə minən qanun bu sahədə əsas hüquqi bazalardan biri kimi çıxış etdi. Sözügedən qanun ölkənin aqrar-sənaye kompleksinin islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edirdi və onun müddəaları aqrar islahat sahəsində digər normativ aktlar üçün əsas idi. Qanuna əsasən, aqrar sahədə aparılan islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan ibarət idi. İslahatın vəzifələri kimi torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsi və təkmilləşdirilməsi çıxış edirdi.

Aqrar islahatın əsas istiqamətləri olaraq aşağıdakılar göstərilirdi: aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması; torpaq, meliorasiya və su təsərrüfatının islahatı; müxtəlifnövlü təsərrüfatların yaradılması; aqrar bölmənin dövlət təminatı. Bu zaman dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması, islahatın aparılmasında sosial ədalətin və könüllülüyün təmin edilməsi, əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi, respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması, ətraf mühiti mühafizə tələblərinə əməl edilməsi, kəndin sosial inkişafı və əhalinin sosial müdafiəsi aqrar islahatın əsas prinsipləri kimi götürülürdü.

Bununla yanaşı, qanunda aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması da öz əksini tapmışdı. Qeyd olunurdu ki, dövlət mülkiyyətində, bir qayda olaraq, elmi tədqiqat və tədris müəssisələri, onların təcrübə bazaları, baytarlıq və bitki mühafizəsi obyektləri, cins toxumçuluq və damazlıq təsərrüfatları, balıqartırma müəssisələri, təbiəti mühafizə obyektləri, qoruqları mühüm heyvandarlıq və quşçuluq kompleksləri, emal müəssisələri, meliorasiya və su təsərrüfatı obyektləri, kənd təsərrüfatı maşınları istehsalı və təmiri müəssisələri, maşın-sınaq stansiyaları və dövlət əhəmiyyətli digər obyektlər saxlanılır. Ancaq o da bildirilirdi ki, aqrar bölmənin dövlət mülkiyyətində olan yerli əhəmiyyətli obyektləri bələdiyyə mülkiyyətinə verilə bilər. Həmçinin bələdiyyə mülkiyyətinə mülkiyyətçilərin qərarı ilə digər əmlak da verilə bilərdi.

Aparılan islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tuturdu. O da vurğulanırdı ki, torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.

İslahat zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilirdi. Aparılan islahat meliorasiya və su təsərrüfatı obyektləri üzərində mülkiyyət münasibətlərini dəyişdirmək və sudan istifadənin səmərəliliyini yüksəltməyi də özündə ehtiva edirdi. Bildirilirdi ki, iri su mənbələri, meliorasiya və suvarma sistemləri, onların istismarı müəssisələri və digər obyektlər dövlət mülkiyyətində saxlanılır.

Qanunda emal sənayesinin və istehsal infrastrukturu obyektlərinin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi, sosial infrastrukturda yeni mülkiyyət münasibətləri, istehlak kooperasiyasının islahatı, mülkiyyət münasibətlərindən və təsərrüfatçılıq formalarından asılı olaraq müxtəlifnövlü təsərrüfatların növləri, onların yaradılması, sovxoz və kolxozların islahatı, aqrar bölməyə dövlət himayəsinin istiqamətləri, aqrar bazarın dövlət tənzimlənməsi və digər mühüm məsələlər də ehtiva olunurdu.

"Sovxoz və kolxozların islahatı haqqında" Qanun da yeni iqtisadi şəraitdə aqrar münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Burada islahatın məqsədi kimi bazar iqtisadiyyatına uyğun müxtəlifnövlü təsərrüfat formalarını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirmək göstərilirdi. İslahatın vəzifələri isə sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsindən, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd-təsərrüfatı müəssisələrinə çevrilməsindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrüfatların inkişafından, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkilindən ibarət idi.

Elşən BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.