İrandan Azərbaycana yenə axın var

26 Yanvar 2013 07:37 (UTC+04:00)

Nüvə proqramına görə beynəlxalq sanksiyalara məruz qalan İranda sadə vətəndaşların yaşayış durumu getdikcə pisləşir. Elə bu səbəbdən İranı tərk edənlərin sayı durmadan artır. Cari il ərzində də vəziyyətin dəyişəcəyi inandırıcı görünmür. Məhz Bu səbəbdən yenə də cənub qonşumuzu tərk edənlərin sayında müəyyən artım qeydə alınması gözlənir. O da istisna deyil ki, İranı tərk edənlərin bir qisminin üz tutacağı əsas məkanlardan biri Azərbaycan olacaq.

Xatırladaq ki İran vətəndaşlarının Azərbaycanda xeyli sayda daşınmaz əmlak almasına dair vaxtaşırı mediada müxtəlif məlumatlar səsləndirilir.

Hələlik isə görünən odur ki, rəsmi Tehran beynəlxalq ictimaiyyətin İranın nüvə silahı istehsal edə bilməsilə bağlı narahatlıqlarına əhəmiyyət verməyərək, uran zənginləşdirməyə davam etdikcə, Qərb ölkələri islam respublikasına qarşı sanksiyaları sərtləşdirir.

Xatırladaq ki, bu yaxınlarda prezident Barak Obama İranın enerji və yük daşıma sektorlarını hədəf alan yeni sanksiyalara imza atıb. Bu addım İranda sənaye və bankları hədəf alan birtəfərli və çoxtərəfli sanksiyalara əlavə olaraq atılıb. Beynləxalq sanksiyalar İranın nüvə proqramı ilə əlaqədar tətbiq olunur. Qərb ölkələri İranın nüvə silahı istehsal etməyə çalışdığını iddia edir, Tehran bu isə bu iddiaları rədd edir.

İran dünya qüdrətləri olan Birləşmiş Ştatlar, Britaniya, Rusiya, Çin və Fransa, habelə Almaniyanın daxil olduğu 5 üstəgəl 1 qrupu ilə danışıqların yeni raunduna başlamağa hazır olduğunu bildirib. Xatırladaq ki, 2003-cü ildən etibarən beynəlxalq vasitəçilərdən ibarət "Altılıq" (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Almaniya) MAQATE ilə birgə İranın nüvənin yayılması üçün təhlükə yarada biləcək uranın zənginləşdirilməsi üzrə işi dayandırmasına çalışır. "Global İnsight" beynəlxalq təşkilatın nümayəndəsi Ceymi İnqram isə sanksiyaların İranı danışıqlar masasına gətirdiyini deyir: "Bu, birbaşa iranlıların cibinə təsir edir. Eyni zamanda, idxala məhdudiyyətlərin qoyulması ölkədə ərzaq çatışmazlığına gətirib çıxarır".

Qeyd edək ki, Avropa İttifaqı ilə İran arasında ticarət dövriyyəsi son aylar kəskin enib. İranla ticarətə dair məsləhət verən "W Global" şirkətinin icraçı direktoru Naycel Kuşner deyir ki, bu, Avropa banklarının ABŞ-ın qəzəbindən ehtiyat etməsi ilə əlaqədardır: "Amerikalılar onlara yavaşca deyəcək ki, bunu etməyin. Beləliklə də onlar görə biləcəkləri işləri də görməyəcək. Mən İsveçrənin bir bankı ilə danışmışam. Orada mənə deyiblər ki, İrana göndəriləcək tibbi ləvazimat və humanitar yardıma görə pul köçürmələrini almaq istəyirik, amma bunu edə bilmirik". Kuşner deyir ki, İran sanksiyaların yurisdiksiyasından kənarda olan ölkələr axtarır: "Bu, çətin ola bilər, buna daha çox vəsait və vaxt tələb oluna bilər, onlar Çin kimi ölkələrə nəzər salacaq, bu, Türkiyə də ola bilər, çünki sanksiyalara riayət etməyə bilər".

London universitetində təhlilçi Əli Fətullah Nejad deyir ki, İran ən çox bank sektoruna qoyulmuş sanksiyalardan əziyyət çəkir: "Maliyyə və bank sektorlarında çox güclü sanksiyalar tətbiq edilib və bu da sonradan iqtisadiyyatın bütün sahələrini tədircən iflic edir".

Əli Fətullah Nejad Qərbin diplomatik həll yolu tapılması üçün qarşıda hər hansı danışıqlardan öncə sanksiyaları müzakirə obyektinə çevirməli olduğunu deyir: "Bu, iqtisadi inkişaf, vətəndaş cəmiyyətinin vəziyyəti, ölkənin daxilində və xaricdə iranlıları narahat edən bir məsələdir. Məsələ masa üzərinə qoyulmalıdır".

Qarşıda danışıqlar gəlir, silsilə danışıqların növbəti raundu. Təhlilçilər diqqətin bu mərhələdə böhranın həlli deyil, qısa müddət üçün tərəflər arasında etibarın yaradılması məsələsinə yönələcəyini gözləyir. Adi İran vətəndaşları, o cümlədən güneyli soydaşlarımız isə hadisələrin mövcud inkişaf istiqamətindən narahat və narazıdırlar. Çünki, sanksiyalar onların maddi durumuna bilavasitə təsir edir və digər tərəfdən nüvə proqramına görə müharibə qorxusu da hər zaman gündəmdədir. Bu da öz növbəsində İranı tərk edənlərin sayının artmasına rəvac verir. Araşdırmalar da göstərir ki, Azərbaycanda daşınmaz əmlak alan əcnəbilər siyahısında İran vətəndaşları seçilir. Qeyd edək ki, əcnəbi vətəndaşların Azərbaycanda mənzil almasına məhdudiyyət qoyacaq hər hansı hal yoxdur. Ancaq Azərbaycanda ev almaq istəyən xarici vətəndaşlar yerli vətəndaşlardan fərqli olaraq bir qədər artıq dövlət rüsumu ödəməlidirlər. Ekspertlərin fikrinə görə, Bakıda ev almaq istəyən iranlıların bəziləri mənzili öz adına, bəziləri isə buradakı yaxınlarının adına sənədləşdirirlər.

Ümumiyyətlə, əcnəbi vətəndaşların ölkəmizdə daşınmaz əmlak və torpaq sahəsi almaq hüququ Mülki və Torpaq məcəllələri ilə tənzimlənir. Qanunvericiliyə əsasən, daşınan və daşınmaz əmlakın əldə edilməsinə dəyər və miqdar baxımından məhdudiyyət qoyula bilməz. Yəni həm ölkə, həm də əcnəbi vətəndaş istədiyi miqdar və dəyərdə daşınan və daşınmaz əmlak almaq hüququna malikdir.