Dollar yenə təhdid mənbəyinə çevrilir

26 Yanvar 2013 07:43 (UTC+04:00)

Tez-tez dünya miqyasında müxtəlif valyutalar bir-birilə hakim mövqe tutmaq uğrunda rəqabət aparırlar. Bu proses yenidən aktual olaraq gündəmə gəlib. Dolların vətəni olan ABŞ öz valyutasını ucuzlaşdırmaq kursu götürüb. Bundan da məqsəd ölkəsinin ixrac imkanlarını artırmağa nail olmaqdır. Bildiyimiz kimi, Azərbaycan öz gəlirlərinin böyük hissəsini məhz dollarla saxlayır.

Bundan başqa xarici ticarəi əməliyyatlar da bu valyuta ilə reallaşır. Bu mənada maraqlıdır, görəsən, ABŞ-ın dolları ucuzlaşdırmaq siyasətinin Azərbaycana nə kimi təsiri ola bilər?

İqtisadi və Sosial İnkişaf Mərkəinin rəhbəri Vüqar Bayramov düşünür ki, bu halda Azərbaycanın ixrac imkanları məhdudlaşa bilər: "Amerika xarici investisiya qoyuluşu baxımından Azərbaycanın əsas tərəfdaşlarından biridir. ABŞ dollarının dünya bazarında qiymətinin aşağı düşməsi, avro və digər valyutalara nisbətən məzənnəsinin ucuzlaşmasına isə təkcə ABŞ-Azərbaycan aspektində deyil, eyni zamanda, ölkəmizin digər ölkələrlə xarici ticarət aspektindən yanaşmaq lazımdır. Çünki dolların məzənnəsinin aşağı salınması manatın möhkəmlənməsi deməkdir. Manatın möhkəmlənməsi fonunda isə Azərbaycan məhsullarının dünya bazarına çıxış imkanları məhdudlaşır. Dünya bazarında məhsulların qiymətinin dollarla müəyyənləşdiyini nəzərə alsaq, bu mənada dolların ucuzlaşması siyasəti heç bir halda Azərbaycanın maraqlarına uyğun deyil. Belə olarsa, Azərbaycanın ixrac imkanları məhdudlaşar. Sözsüz ki, ABŞ dolların məzənnəsinin müəyyən intervala qədər aşağı düşməsində maraqlı ola bilər. Amma eyni zamanda dünyada yığımların 62 faizinin dolların payına düşdüyünü nəzərə alsaq, Amerikanın dolların kəskin aşağı düşməsində maraqlı olmadığını da görərik. ABŞ dollarının digər valyutalara nisbətən müqayisəli məzənnəsinin aşağı düşməsinə çalışmaqla öz ixrac imkanlarını genişləndirir. Lakin dolların alternativsiz valyuta olaraq qalmasında maraqlı olan Vaşinqton heç zaman öz pulunun kəskin şəkildə aşağı düşməsini istəməyəcək. Ona görə də hələlik dolların məzənnəsinin aşağı salınması Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmir. Bununla belə ölkəmizin valyuta ehtiyatlarının 70 faizinin dollarla hesablandığını da nəzərə alsaq, həmin valyutanın məzənnəsinin aşağı düşməsində maraqlı deyil".

İqtisadçı ekspert Nazim Məmmədov öncə bildirdi ki, dünya ticarətində valyutaların strukturuna baxsaq, onun 70 faizindən çoxunun ABŞ dolları üzərində qurulduğunu görürük: "Bəzi ölkələr, məsələn, Çin son illər ucuz işçi qüvvəsi və kifayət qədər vergi güzəştləri olduğundan ABŞ-ın da əsas şirkətlərinin istehsal sahələri bu ölkədə qərarlaşmışdı. Ümumilikdə Çinin son on ildə apardığı iqtisadi siyasət ixracı təşviq etməkdən ibarət idi. Çin öz valyutasını ucuzlaşdırmaqla nəzəri olaraq ixracı stimullaşdırırdı. Bir neçə ay bundan qabaq ABŞ prezidenti Barak Obama bir fikir səsləndirdi ki, keçən əsrin 70-90-cı illərində böyük şirkətlərin xarici ölkələrə sərmayə qoyuluşunu stimullaşdırdıqları halda, indi əksini edəcəklər. Əsas iş yerlərinin ölkədə açılması və xaricdəki şirkətlərin yenidən Amerikaya qayıtmasını stimullaşdıracaqlar. Bu ondan xəbər verir ki, artıq Amerika öz daxilində iş yerlərinin stimullaşdırılması istiqamətində addımlar atmağa girişib. Müxtəlif Amerika şirkətləri artıq Çindəki istehsalını bağlamaqla məşğuldur. Çünki orada tədricən işçi qüvvəsi və enerji daşıyıcılarının da qiyməti artır və maya dəyəri əvvəlki kimi sərf etmir. Bu da Çindən müxtəlif istehsal sahələrinin çıxmasına rəvac verə bilər".

ABŞ-ın dolları ucuzlaşdırmaq siyasətinin Azərbaycana nə verə biləcəyinə gəldikdə ekspert ölkəmizin alıcılıq qabiliyyətinin aşağı düşə biləcəyini vurğuladı: "Azərbaycanın xarici valyutada saxlanılan rezervləri var. Bunlar Mərkəzi Bankla Dövlət Neft Fondunun rezervləridir. Amerikanın dolları ucuzlaşdırmaqla ixrac imkanlarını artırması ölkəmizin alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verə bilər. Ancaq Azərbaycanın da özünəməxsusluğu var. Bu da ondan ibarətdir ki, ölkəmizə daxil olan valyutanın həcmi ölkədən çıxan valyutadan dəfələrlə çoxdur. Çünki ölkəmizin əsas ixrac məhsulu neft və neft məhsullarıdır. Neft məhsulu isə dollarla satıldığından onun ölkədə sterizasiya olunub sonradan başqa maliyyə resurslarında saxlanılması baş verir. Tədiyyə balansına baxdıqda daha çox valyuta gəlir. Ölkə daxilində manat yeganə ödəniş mənbəyi olduğundan ona da ehtiyac artır. Lakin ümid edirəm ki, hökumət daha çox yerli malların istehsalı, yerli sahibkarların maliyyə resursları ilə təminatına daha çox töhfə verəcək".