Qiymətli metal biznesinin "çiçəklənmə dövrü" başlanır

26 Yanvar 2013 07:54 (UTC+04:00)

Dünyanın müxtəlif valyutalarının, o cümlədən dolların, avronun məzənnəsində son bir ildə kəskin dəyişikliklər bu pullara olan inamın əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Elə bunun nəticəsidir ki, indi əksər ölkələr, eləcə də sadə vətəndaşlar daha çox qiymətli metallara yatırım edirlər. Yeri gəlmişkən qeyd edək ki, hazırda qiymətli metal qismində təkcə qızıl çıxış etmir.

Düzdür, uzun illərdir ki, dünyanın ən bahalı metalı qızıl hesab olunur, onun qiyməti dünyanın bütün ölkələrində yüksək tutulurdu. Qızıl təkcə metal pulların (sikkələrin) hazırlanması üçün deyil, həm də zərgərlik məmulatlarının hazırlanması üçün istifadə olunurdu. Bu tip əşyalara tələbat həmişə yüksək olub.

Lakin tədricən metallara olan tələbat dəyişməyə başladı və müəyyən müddət ötdükdən sonra ən bahalı metal platin və palladium hesab olundu. Çünki palladium elm və texnikanın müxtəlif sahələrində istifadə olunurdu. Texniki proqresin inkişaf ilə və yeni kimyəvi elementlərin kəşf olunmasından sonra ən bahalı metal, kalifornium metalıdır. Bu kimyəvi element Kaliforniyanın Berkli Universitetində əldə edilib. Kalifornium elementi plutoniumun nüvə reaktorunda şüalandırılması sayəsində əldə edilib. Hal-hazırda kalifornium nüvənin parçalanması ilə bağlı müxtəlif eksperimentlərdə, həmçinin şüa müalicəsi zamanı istifadə olunur. Kalifornium metalının bir qramının dəyəri hal-hazırda 650 min dollar təşkil edir. Bununla yanaşı, hazırda dünyanın ən bahalı metallarından biri, həm də ən möhkəm metalı osmiumdur. Osmium müxtəlif kimyəvi reaksiyaların katalizatoru qismində, həmçinin müxtəlif ölçü cihazlarının hazırlanması, tibbi və bioloji araşdırmalarda və çox nadir hallarda zərgərlik məmulatlarının hazırlanmasında istifadə olunur. Qazaxıstandan başqa osmium hasil edən ölkələrdən heç biri onu dünya bazarında satmır. Bəzi məlumatlara əsasən osmium metalının qara bazarda bir qramının qiyməti 200 min dollar təşkil edir.

Dünyanın ən bahalı metalları sırasında növbəti ad isə poloniumdur. Bu metal neyron mənbələrinin və energetik qurğular üçün lazım olan müxtəlif istilik mənbələrinin hazırlanması üçün istifadə olunur. Poloniumun yüksək toksiki xarakteri var. Bir qram poloniumun qiyməti 30-35 min dollardır. Lakin sadalanan metallar az tapıldığından ən çox sərmayə qızıla yatırılır. Hələ ki, dünya bazarlarında qızılın dəyərinin maksimum həddə olması ilə əlaqədar olaraq qorxu və inamsızlıq hökm sürür. Mütəxəssislər qeyd edir ki, qızıl getdikcə daha da bahalaşacaq və nəhayət 1 unsiya 2000 dollarlıq həddi keçəcək. Bu səbəbdən bir çox investorlar qızıl almaq qərarına gəliblər.

Bundan əlavə, böyük ölkələr öz strateji ehtiyatlarını yenilənmə planları haqqında getdikcə daha çox danışırlar. Belə ki, Çinin öndə gedən iqtisadçıları ölkə rəhbərliyinə qızılın ehtiyatını 6 dəfə artırmağı məsləhət görür. Dünya üzrə qızıl çıxarılmasının məhdud imkanlarını nəzərə alaraq, tələbin həddən artıq artımı sarı metalın dəyərinin qalxmasını sürətləndirə bilər.

Adi vətəndaşların da qızılı ehtiyat kimi saxlamaq imkanları var. Qızıl külçə və qızıl sikkə almaq olar və ya qiymətli metal hesablarına investisiya qoya bilərlər. Qeyd edək ki, metal hesabı, qiymətli metalın fərdi xüsusiyyətləri (külçələrin sayı, adı, əyarı, istehsalçının adı, seriya nömrəsi və s.) qeyd edilmədən, qiymətli metalla müxtəlif əməliyyatlar aparmaq üçün nəzərdə tutulan bank hesabıdır. Bu hesabda qiymətli metal qram və ya unsiyası ilə göstərilir. Qiymətli metal hesabına kapital qoyduqda fiziki formada qızılla əməliyyat aparılmır. Müştəri sadəcə, banka məbləği verir və bank onu cari bazar məzənnəsinə uyğun olaraq qızıl qramlarına konvertə edir.

O da məlumdur ki, ölkəmizdə artıq bir sıra banklar əhaliyə həm qızıl külçələr alışını, həm də onları saxlmaq üçün xidmətlərini təklif edirlər. Satışda ən yüksək 999,9 əyarlı 5, 10, 20, 50, 100, 250 və 500 qram çəkidə olan qızıl külçələr mövcuddur. Qızıl külçələrin istehsalçı zavod tərərfindən verilən xüsusi keyfiyyət sertifikatı var. Hər bir külçənin üzərində seriya nömrəsi və istehsalçının adı qeyd olunub. Həmişə qiymətdə olan qızılın külçə formasında alınması eləcə də çox effektiv və qazanclı pul yerləşdirilməsi sayılır. Qızılın tarix boyu və həmçinin son illərdə mütəmadi olaraq qiymətinin artmasını nəzərə alaraq, qızıl külçə almağın pul vəsaitinin effektiv yerləşdirilməsi hesab etmək olar. Son il ərzində qızılın qiymət artımının, kreditə görə ödənilən faiz dərəcəsini üstələməsini nəzərə alaraq qızılın kreditə alınması da sərfəli ola bilər.

Onu da qeyd edək ki, elə ayrı-ayrı dövlətlər də qızılın alışını artırmaqdadır. Çünki, son illər valyuta birjalarında baş verən proseslər ölkələrin qızılla yığımlarının həcminin artmasına gətirib çıxarıb.