Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbçi qulluqçusu
bəyanatla çıxış edib. Bəyanatda
deyilir: "Biz, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları
olaraq qarşımıza qoyulan tapşırıqları yerinə yetirməklə, ordumuzun
günü-gündən güclənməsinə, torpaqlarımızı düşməndən mühafizə etməklə
məşğul olduğumuz halda belə bir bəyanatla çıxış etməyə məcbur
qalırıq. Əlbəttə, səbəbsiz deyil. Azərbaycan ordusunun inkişafı
deyəsən, daxildəki bəzi üzdəniraq ünsürləri də narahat etməyə
başlayıb. Münasibətimiz bir qədər sərt səslənsə də, ancaq deməliyik
ki, onların qarayaxmaları, gerçəkdən uzaq fikirləri, orduya qarşı
anlaşılmaz hücumları qarşısında başqa ifadələr tapmaqda çətinlik
çəkirik. Hazırda açıq dünyada yaşayırıq. Bu şəxslər unudurlar ki,
onların hər hansı yanlış və uydurma mülahizələrindən düşmən
məharətlə istifadə edir. Bunlar kimə lazımdır? Nə üçün adlarını
"hərbi ekspert" qoyan bəzi adamlar bu cür anti-milli və anti-dövlət
çağırışlara imza atırlar?! Biz bundan çox üzülürük. Axı ordumuz
onların qələmə verdiyi şəkildə deyil. Son illər baş verən tərəqqini
görməmək və yaxud görüb onu qiymətləndirməmək ən bağışlanılmaz
haldır. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan
və Ali Baş Komandanımız cənab prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən ordu quruculuğu prosesinin konkret
nəticələrini biz öz həyatımızda, gündəlik xidməti fəaliyyətimizə
aydın hiss edir və duyuruq. Fikirlərimizdə tam səmimiyik. Əvvəlki
illərlə müqayisədə hərbi qulluqçuların sosial rifahının
yaxşılaşdırılması istiqamətində bu gün böyük irəliləyişlər baş
verib. Hərbi qulluqçuların əmək haqlarının artırılması, yeni
mənzillərlə təmin olunması, istifadə edilməmiş məzuniyyət günləri
əvəzinə pul komrensasiyasının ödənilməsi vә digər zəruri
məsələlərlə bağlı lazımi addımlar atılmışdır. Bizim "qayğımıza"
qalanlar niyə bunları görmürlər? Hər şey aydındır. Ordumuza qara
yaxmaq istəyənlər görünür ki, belə mənfur əməlləri bilərəkdən və
düşünülmüş qaydada edirlər. Məqsəd də Silahlı Qüvvələrimizlə xalq
arasında olan birliyi zəiflətmək, ordunun imicinə zərbə vurmaqdan
ibarətdir. Bu niyyətlər heç zaman reallaşmayacaq. Biz öz
dövlətimizə və Ali Baş Komandanımız İlham Əliyevin qayğılarına
güvənir vә inanırıq. Heç bir qara qüvvə bu güvənci sarsıda bilməz.
Cənab İlham Əliyevin iradəsi və əzmkarlığının nəticəsidir ki,
hazırda Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü
ordusuna çevrilib. Bu pafosla səslənən fikirlər deyil, həqiqətdir.
Bu gerçək faktı indi beynəlxalq təşkilatlar və dövlətlər də etiraf
edirlər. Ordumuz ən müasir silah və sursatla təchiz olunub. Bu
bazanın gücləndirilməsi demək olar ki, hər gün aparılır. Əsgər
vahid komandanlıq altında öz döyüş fəaliyyətini uğurla yerinə
yetirir. Bunlara yalnız sevinmək lazımdır. Orduya qara yaxanları bu
cür mənfur niyyətlərdən əl çəkməyə və zabit korpusu adından yalan
danışmamağa çağırırıq. Belə hərəkətlər başucalığı gətirmir.
Üzdəniraq "ekspert"lərin düşmən dəyirmanına su tökmələri nəhayət
yetər! Vaxtilə ordudan rüşvət, müxtəlif əliəyriliklər üstündə
qovulan və zabit adına yaraşmayan hərəkətlərə görə rütbəsi aşağı
salınanların qışqırmağa, şüarlar səsləndirməyə qəti haqları yoxdur.
Biz o adamları yaxşı tanıyırıq və vaxtı ilə necə xidmət etdiklərinə
də yaxından bələdik. Bir daha bildiririk ki, bu gün Silahlı
Qüvvələrdə şərəfli xidmətimizlə fəxr edirik və cənab Ali Baş
Komandanımızın əmr, göstərişlərini yerinə yetirməyə tam qadirik.
Dövlətimizin və hökumətimizin hərbi qulluqçulara göstərdiyi diqqət
və qayğını da yüksək qiymətləndiririk".
Bəyanatı General-leytenant Yaşar Aydəmirov, polkovnik Yaqub Əhədov,
polkovnik-leytenant İslam Gəncəliyev, polkovnik-leytenant Elçin
Qasımov, polkovnik-leytenant Anar Ağayev, polkovnik-leytenant Adil
Xeyrullayev, polkovnik-leytenant Nağı Eyvazov, polkovnik-leytenant
Arif Kərimov, polkovnik-leytenant Qılman İmanov,
polkovnik-leytenant Şıxəli Baxşıyev, polkovnik-leytenant Mehman
Rüstəmov, polkovnik-leytenant Oktay Nəsirov, polkovnik-leytenant
Emin Səfərov, polkovnik-leytenant Elman Vəliyev ,
polkovnik-leytenant Fərda İsmayılov, polkovnik-leytenant Mehman
Yusifov, polkovnik-leytenant Hafiz Hidayətov, polkovnik-leytenant
Rasim Babayev, polkovnik-leytenant Valeh Rəcəbov,
polkovnik-leytenant Sərvər Cəbrayılov, polkovnik-leytenant Elşad
Əbilov, polkovnik-leytenant Elçin Kərimov, polkovnik-leytenant
Sadiq Yәhyazadə, polkovnik leytenant Elxan Şalbuzov, mayor Cavid
Abbasov, mayor Siyavuş Mustafayev, kapitan Cavid Abdullayev,
kapitan Zülfüqar Zülfüqarov, baş gizir Rövşən Qəhrəmanov –
ümumilikdə 150-dən artıq hərbi qulluqçu imzalayıb.