BMT İran hökumətini Musəvi və Kərrubini azadlığa buraxmağa çağırıb
28 Yanvar 2013 10:37 (UTC+04:00)
BMT-nin İnsan Hüquqları üzrə İşçi Qrupu İran müxalifətinin
liderlərindən olan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin
qeyri-qanuni həbsdə saxlanmasını kəskin pisləyib.
APA-nın məlumatına görə, qurum İran hökumətini bu özbaşınalığa
dərhal son qoymağa və M. Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd
və M. Kərrubini azadlığa buraxmağa çağırıb. BMT-nin İnsan Hüquqları
üzrə İşçi Qrupu hər üç şəxsin heç bir ittiham irəli sürülmədən və
məhkəmənin qərarı olmadan yerli və beynəlxalq qanunlara zidd olaraq
həbsdə saxlanıldığını bildirərək, bu addımı insan hüquqlarının
kobud şəkildə pozulması kimi qiymətləndirib.
Qeyd edək ki, M. Musəvi və M. Kərrubi İranda 2009-cu ildə
keçirilmiş prezident seçkilərinə ölkə müxalifətindən namizəd kimi
qatılıblar. Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş
prezident seçkilərinə etiraz etdikləri üçün onlar ev dustağı
cəzasına məhkum ediliblər.