Misirdə baş verən iğtişaşlarda azərbaycanlılar xəsarət almayıb

28 Yanvar 2013 13:39 (UTC+04:00)

Misirdə baş verən son iğtişaşlar zamanı azərbaycanlılar arasında xəsarət alan olmayıb.

BunuAPA-ya Azərbaycanın Misirdəki səfirliyin birinci katibi Elnur İsmayılov bildirib.

Onun sözlərinə görə, hazırda səfirliyin konsulluq qeydiyyatında 70-ə yaxın azərbaycanlı var: "Əslində Misirdə azərbaycanlıların sayı çoxdur. Əsas problem ondan ibarətdir ki, onlar səfirlikdə qeydiyyatdan keçmirlər. Lakin ölkəni tərk etməklə bağlı bizə müraciət daxil olmayıb".

E.İsmayılov əlavə edib ki, səfirlik normal iş rejimində fəaliyyət göstərir, polis əvvəlki kimi səfirliyin mühafizəsini təmin edir və diplomatik nümayəndəliyin bağlanılması ehtimalları yoxdur.

Qeyd edək ki, Qahirənin Təhrir meydanında dördüncü gündür etirazlar səngimir. Aksiya iştirakçıları prezident Məhəmməd Mursinin istefasını və Daxili İşlər Nazirliyinin buraxılmasını tələb edirlər. Misirin 3 vilayətində isə fövqəladə vəziyyət elan edilib.