Alman mediasının bitməyən "Eurovision-2012" dərdi...

24 Aprel 2012 14:59 (UTC+04:00)

"Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsinə az bir müddət qalsa da bəzi qüvvələr bu vacib yarış ərəfəsində Azərbaycana qarşı tutduqları qərəzli mövqedən hələ də əl çəkmək niyyətində deyillər. Azərbaycan ən yüksək səviyyədə sözügedən yarışın keçirilməsi üçün müvafiq hazırlıq işləri görsə də həmin qüvvələr görülən bu işlərə yox, daha çox olmayan problemləri və ya xırda qüsurları qabartmaq üçün dəridən-qabıqdan çıxırlar.

Bu xüsusda isə əsas seçilənlərdən biri Almaniya mediası və bu ölkənin bəzi təmsilçiləridir. Hələ cari ilin əvvəllərindən daha qabarıq şəkildə Almaniyanın bəzi mətbuat orqanları, informasiya portalları, eləcə də, digər media qurumları açıq şəkildə Azərbaycana qarşı qərəzli formada təbliğat kampaniyasına başladılar. "Der Şpigel", "Deutsche Welle" kimi qəzetlər, "Tageszeitung" adlı internet qəzeti, "ARD", DTR" televiziya kanalları, eləcə də, həmin ölkənin bir sıra ictimai-siyasi təmsilçiləri bütün məqamlarda qərəzli mövqelərini ortaya qoydular. Ölkəmizin "Eurovision" kimi möhtəşəm mahnı müsabiqəsinə hazırlaşdığı bir ərəfədə onların birdən-birə ortaya çıxmaları və yalnız qərəzli mövqe sərgiləmələri, Azərbaycanda insan haqları iddialarının pozulmasını iddia etmələri yarışa az bir müddət qaldığı vaxtda yenə də əsas təbliğat kampaniyalarından birinə çevrilib. Bu xüsusda Azərbaycana qarşı hər zaman qərəzli mövqeləri ilə seçilən "Human Rayts Vatç", "Fridom haus" kim qeyri-hökumət təşkilatlarının mövqeyi Almaniyanın bir sıra mətbu orqanları tərəfindən geniş şəkildə işıqlandırılır. Ümumiyyətlə, bu məsələdə sözügedən qurumların və bəzi alman media orqanlarının mövqeyi ermənilərin mövqeyi ilə tam üst-üstə düşür. Bu mənada aydındır ki, "Eurovision" mahnı müsabiqəsi ilə bağlı Almaniya mediasında Azərbaycana qarşı aparılan təbliğat, ermənilərin bu məsələdə mövqeyi bir mərkəzdən idarə olunur. Onların əsas istəyi isə "Eurovision" mahnı müsabiqəsinə kölgə salmağa çalışmaq, Azərbaycan haqda arzuolunmaz rəyin formalaşmasına nail olmaqdır. Lakin bu cəhdlər fiaskoya uğramaqdadır. Çünki yarışın təşkilatçıları elə indidən etiraf edirlər ki, ölkəmizdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi əvvəlkilərdən daha möhtəşəm olacaq. Lakin alman mediası bütün bunlara rəğmən hələ də qərəzli mövqeyindən geri çəkilmək niyyətində deyil.

Bu dəfə isə onların əsas diqqəti Azərbaycanın radikal müxalifət düşərgəsinə yönəlib. Radikal müxalifət təmsilçilərinin Azərbaycan əleyhinə verdiyi müsahibələr, səsləndirdikləri fikirlər alman mediasında daha geniş işıqlandırılmağa başlanıb. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bununla, konkret olaraq AXCP sədri Əli Kərimli ilə bağlı maraqlı açıqlamalar verib: "Əli Kərimli həftə səkkiz, mən doqquz Almaniya qəzetlərinə müsahibə verir, Azərbaycanın əleyhinə iş aparır, danışır. Bir dəfə də olsun Dağlıq Qarabağın işğalından danışmır". Deputat Azərbaycanda bəzi qüvvələrin xarici mətbuata işlədiyini bildirərək, qeyd edib ki, ölkəmizlə bağlı bir çox məlumatlar xaricə ötürülür: "Hazırda bəzi qüvvələr xarici mətbuata işləyir, Azərbaycandan bir çox məlumatlar ötürürlər. Onlar deyirlər ki, bu müsabiqə ərəfəsinə mitinqlərə siyasi məhbus adlandırdıqları şəxslərin adları yazılan paltarlar geyinib çıxacaqlar. Mən sual verdim ki, indiyə qədər onlar niyə Xocalıda ölənlərin, Qarabağda ölənlərin, 20 yanvar hadisələrində ölənlərin şəkilli maykalarını geyinib ortaya çıxmayıblar. Bu onu göstərir ki, artıq bunlar hansı qüvvə tərəfindən idarə olunurlar".

O, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində aksiyaların təşkil olunmasını pisləyib: "Belələri ölkədəki sabitliyi pozmaq istəyir". O da maraqlıdır ki, radikalların son günlərdə keçirdikləri mitinqləri xarici media qurumları arasında daha çox alman mətbuatı işıqlandırır. Siyavuş Novruzov İctimai Palatanın (İP) mitinqini işıqlandırmaq üçün Almaniya KİV-lərinin çoxluq təşkil etməsi ilə bağlı qeyd edir ki, Almaniyada bəzi qüvvələrin Azərbaycanda maraqları böyükdür. Onun fikrincə, həmin qüvvələr Azərbaycandan hansısa güzəştlər əldə etmək istəyirlər. Ona görə də onlar Almaniyada bəzi qrupların maliyyə dəstəyi ilə Azərbaycan haqqında mənfi informasiya yaymaqla məşğuldurlar: "Hazırda Almaniyanın bir sıra KİV-ləri Azərbaycan dövlətinin və ölkədə keçirilən tədbirlərə qarşı mənfi informasiya yaymaqla məşğuldurlar. Onlar bir dəfə də olsun Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağla bağlı həqiqətləri səhifələrində dərc etməyiblər. Sadəcə olaraq, onlar Almaniyada Azərbaycan milləti və dövləti haqqında mənfi informasiya yayırlar".

S.Novruzov söyləyib ki, xalq Azərbaycan hakimiyyətinə etimadın göstərib, prezidenti ilə birlikdədir: "Hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır və millətimiz ölkə prezidenti və hakimiyyəti ilə bir yerdədir. Məncə, İP-in mitinqində iştirak edənlər və onları dəstəkləyənlər xalqdan və cəmiyyətdən kənarda qalan insanlardır. Fikrimcə, bunlar tarixin arxivində qalacaqlar".

Ekspertlər də belə hesab edir ki, bütün qərəzli mövqelərə baxmayaraq, Azərbaycan "Eurovision" mahnı müsabiqəsini möhtəşəm şəkildə keçirəcək. Bəzi qüvvələr tərəfindən aparılan qərəzli kampaniya isə mütləq şəkildə uğursuzluğa düçar olacaq.

Səməd CƏFƏROV