Rusiya Azərbaycanla sərhəddə böyük ordu cəmləyir

29 Yanvar 2013 06:57 (UTC+04:00)

Heç bir ehtiyac olmadığı halda Rusiya yenidən Xəzərə əlavə hərbi texnika cəmləşdirməkdədir. Bu ölkənin "İzvestiya" qəzeti yazır ki, Rusiyanın Müdafiə Nazirliyi Birləşdirilmiş Gəmiqayırma Şirkəti (OSK) ilə 21631 "Buyan-M" layihəli üç kiçik raket gəmisinin tikintisinə dair müqavilə imzalayacaq. Gəmilərin tikintisinə dair danışıqlar keçən ilin sonunda başlanıb.

Gəmilər Zelenodolskdakı zavoda inşa olunacaq. Tikintinin getdiyi dövrdə daha 2 gəminin də sifariş olunması ehtimalı mövcuddur. Gəmilərin Xəzər dəniz flotiliyasına veriləcəyi gözlənir. Bu gəmilər "Kalibr" raket kompleksi ilə silahlandırılacaq.

Bununla yanaşı, məlumat verildiyi kimi Rusiya Xəzərdəki donanmasına 5 hərbi gəmi və kater daxil edəcək. Hərbi limanın yeni hərbi qüvvələrlə artırılması dövlətin hərbi silahlanma proqramı əsasında baş verir. Yeni texnikanın və eləcə də əlavə köməkçi gəminin hərbi donanma tərkibinə daxil edilməsi 2013-cü ilin ilk yarim ili üçün planlaşdırılıb. Məlumata görə ilin ortasında Xəzər donanmasına iki yeni kiçik hərbi raket gəmisi - "Uqliç" və "Qrad Sviyajek", 2013-cü ilin yazında isə "Serna" layihəsi çərçivəsində 3 desant gəmisinin daxil edilməsi planlaşdırılır. Cənub Hərbi Dairəsinin mətbuat xidməti həmçinin xəbər verir ki, köməkçi donanmanın inkişaf konsepsiyasına əsasən, 2020-ci iə qədər Xəzər dəniz donanmasına 2 dəniz, 1 reyd buksirləri və həmçinin də üzən kran daxil olacaq.

Bütün bunlar fonunda rusiyali siyasi ekspert Aleksandr Sobyanin isə məsələyə fərqli prizmadan yanaşır. İlk əvvəl Rusiya Federasiyası Hərbi Dəniz Donanması Xəzər flotiliyasının tərkibinə yeni döyüş gəmilərinin daxil edilməsini şərh edən ekspert bildirir: "1992-ci ildə Xəzər flotiliyasının şəxsi heyəti vitse-admiral Boris Mixayloviç Zininin komandanlığı altında əsas bazanın və qüvvələrin Bakıdan Həştərxana yenidən dislokasiya olunmasını təmin edib. Bu reallıq qayıqların və dənizçilərin köçürülməsindən daha çox şeyi əks etdirir.

Rusiya geosiyasi anlamda çox əsr geriyə, Rusiya-Türkiyə və Rusiya-Fars döyüşləri zamanında olan tarixi sərhədlərə qayıtdı. ABŞ-SSRİ qarşıdurması zamanı Xəzər flotiliyası Baltik, Qara Dəniz, Şimal və Sakit Okean kimi əsas donanmalara əlavə olub. Hərbi-texniki avadanlığın imkanlarının bir neçə dəfə azaldığı bu gündə isə Rusiyanın milli maraqlarının təmin olunması sahəsində Xəzərdə hərbi-texniki avadanlığın əhəmiyyəti dəfələrlə artıb. İmkanlar azdır, tapşırıq və çağırışlar isə çox. Bununla da hər şey müəyyənləşir. Sovet vaxtında Bakının yaxınlığında ekranoplanlar, xüsusilə dünyanın ən nəhəng ekranoplanı olan "Orlyonok" (NATO-nun cədvəli üzrə "Xəzər bədheybəti ", dahi mühəndis-layihəçi Rostislav Alekseyevin ixtirası) sınaqdan keçirilib. Obrazlı şəkildə demək olar ki, bu gün "Orlyonok" qanadlarını bükərək Həştərxandakı yuvasına qayıdıb, orada Sovet ailəsinin dağıdılması şokundan ayılmağa və özünə gəlməyə çalışır".

Ekspert bildirir ki, Rusiyanın Xəzərdə qarşıdurmaları ola bilər: "Volqa-Donun statusunun dəyişdirilməsi, açığını desək, NATO-nun Xəzər dövlətlərinin işlərinə qarışmasını qanuniləşdirəcək. Hazırda ümumi təhdidlərə qarşı mübarizə üçün terrora, narkotiklərə və bioterrora qarşı mübarizə məqsədi ilə yaradılmış "Xəzər gücü" (KASFOR) proqramından istifadə edilir. NATO-nun istənilən ölkəsinin hərbi-dəniz bayrağı ilə hətta bir qayıq Xəzərdə peyda olsa, KASFOR proqramı mənasını itirir".

Qeyd edək ki, Volqa-Don kanalına, Dunay statusu kimi, beynəlxalq çay şossesi statusunun verilməsi hazırda aktüal müzakirə mövzularından biridir və Rusiya bundan narahatdır. Qeyd edək ki, rusiya ilə paralel, digər sahilyanı ölkələr də dənizdə hərbi potensillarını artırırlar. Bu isə Xəzəri hərbi gərginlik mənbəyinə çevirir.

Lakin Moskva təkcə Xəzərdə möhkəmlənmir. Məsələn, məlumdur ki, Rusiya Ermənistanı silah anbarına çevriməyə çalışır. Moskva Ermənistanda olaqn "102-ci diviziyanın şəxsi heyətini iki dəfə artırıb, 10 min nəfərə çatdırıb. Yeni desant diviziyasının Ermənistana gətirilməsi gözlənilir. Bundan başqa Ermənistanda Kollektiv Təhlükəsizlik Müqəviləsi Təşkilatının (KTMT) akademiyası adı altında təxribat qərargahı yaradır. Ekspertlərə görə, burada rus generalları, qərargah zabitləri bölgə ətrafında həm Azərbaycan, həm Türkiyəni nəzərdə tutan təxribat layihləri və ya sxemləri yaradacaqlar. Dağıstana da əlavə ordu hissələri yeridilir. Bütün bunlar Azərbayjanal sərhəd zonalarda baş verir və təbii ki, müəyyən narahatlıq yaradır. Rusiyanın müdafiə naziri Serqey Şoyqunun bu fonda fikirləri isə olduqca maraqlıdır. Onun sözlərinə görə, ölkələr arasında siyasi və iqtisadi ziddiyətləri həll etmək üçün güc üsulları əsas rol oynayır. Rusiya müdafiə naziri hazırda Rusiya üçün bir sıra istiqamətlərdə hərbi təhlükə ehtimalının da gücləndiyini deyib. O, bildirib ki, "qaynar nöqtələr" Rusiya sərhədinə yaxındır.