LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

28 Yanvar 2013 08:16 (UTC+04:00)

Azərbaycanın yeni müstəqillik tarixinin təhlili göstərir ki, bu müddətdə həyata keçirilən aqrar islahatlar bu gün ölkə regionlarının sürətli inkişafını şərtləndirən əsas amillərdən biridir. Bu islahatların həyata keçirilməsi kənd təsərrüfatının inkişafını daha dinamik hala gətirərək ərzaq təhlükəsizliyin təminatında da mühüm rol oynayır.

yeri gəlmişkən qeyd edək ki, aqrar sferada islahatlara xidmət edən və təkiml xarakterə malik hüquqi baza qismində vacib qanunvericilik aktından biri kimi 1996-cı il iyulun 16-da təsdiq olunan "Torpaq islahatı haqqında" Qanun çıxış edirdi. Qanun ölkədə torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edirdi.

Onun məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarət idi. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək idi. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondu idi ki, islahat zamanı bu fondda dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilirdi. Qanuna əsasən, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilirdi. Qeyd olundur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilməli idi: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yer quruluşu layihələri əsasında aparılması.

Burada göstərilirdi dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.Qanuna görə, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara bunlar daxil olunur: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.

Xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aid olunur. Qanunda o da bildirilirdi ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bundan başqa vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası, sovxoz və kolxozların özəlləşdirilən torpaqları, sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər, sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası, özəlləşdirilən torpaqlarda təsərrüfat formalarının yaradılması, torpaq mülkiyyətçilərinin hüquqlarının tənzimlənməsi kimi mühüm məsələlər də qanunda öz əksini tapdı.

Bundan başqa torpaq islahatlarının aparılması istiqamətində "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Torpaq Məcəlləsi", "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu aqrar sektorda islahatların aparılması baxımından mühüm rol oynadı. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olundu.

"Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı. "Aqrar sahədə islahatların surətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 22 mart tarixli Fərmanından sonra torpaq-istehsal münasibətlərinin formalaşmasında və daha da dərinləşməsində köklü irəliləyişlərə nail olundu. Bu Fərmanla kənd təsərrüfatı məhsulu istehsalçıları, o cümlədən mülkiyyətə əvəzsiz pay torpağı almış Azərbaycan Respublikasının vətəndaşları Vergi Məcəlləsi ilə tənzimlənən bir sıra vergilərdən azad olundu və kolxoz və sovxozların milyardlarla ölçülən qarşılıqlı borcları silindi. Eyni zamanda kənd təsərrüfatı məhsulu istehsalçılarına kənd təsərrüfatı texnikası üçün yanacaq və sürtgü materialları güzəştli qiymətlərlə satılmağa başlandı.

Aqrar islahatların sürətlə getməsi və uğurlu nəticələrə gətirib çıxarmasını şərtləndirən mühüm amillərdən biri isə Heydər Əliyevin hələ SSRİ dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxt aqrar sahənin inkişafı üçün gördüyü işlər idi. Bunlar o vaxt Azərbaycanın SSRİ məkanında kənd təsərrüfatının inkişaf səviyyəsinə görə birincilər cərgəsinə çıxmasını təmin etməklə yanaşı, müstəqillik illərində ulu öndərin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar üçün müvafiq bazanın olması baxımından da böyük əhəmiyyət daşıyırdı. Təsadüfi deyildi ki, həyata keçirilən torpaq islahatları 1969-1982-ci illərdə kənd təsərrüfatı sektorunda formalaşdırılmış zəmin, təməl üzərində aparılırdı.

Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı illərin ortalarından başlanan aqrar islahatlar kənd təsərrüfatının inkişafında əsas təkanverici amillərdən birinə çevrildi. O da xüsusi olaraq qeyd edilməlidir ki, ulu öndərin rəhbərliyi altında başlanan bu islahtalar bir çox mühüm xüsusiyyətlərinə görə, digər postsovet blkələrində həyata keçirilən analoji islahtlardan əsaslı surətdə fərqlənirdi. Belə ki, islahatlar çərçivəsində ulu öndər ilk olaraq Azərbaycan vətəndaşının mövqeyini, maddi durumunu nəzərə alır və onların bu islahatlardan maksimum dərəcədə faydalana bilməsini təmin etmək üçün konkret addımlar atırdı. Belə addımlardan biri məhz Heydər Əliyevin təşəbbüsü ilə torpaqların pulsuz və ya digər şəkildə əvəz ödənilmədən vətəndaşlara paylanması idi. Elə bu da torpaq islahatlarından hər bir vətəndaşın eyni dərəcədə və bərabər hüquq əsasında faydalana bilməsini təmin edən ən əsas amillərdən birini təşkil edirdi. Heydər Əliyevin bu uzaqgörənliyi sayəsində həyata keçirilən torpaq islahatları nəticəsində 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi ki, bu da Azərbaycanda mülkiyyətçilər sinfinin yaranmasının əsasını təşkil etdi. Mülkiyyət sahibi olanlar isə torpaqdan səmərəli və məhsuldar istifadəetməyə can atmaqla yanaşı, ona artıq xüsusi qayğı göstərməyə başladı və beləliklə, kənd təsərrüfatında istehsal göstəriciləri 1990-cı illərin əvvəlləri ilə müqayisədə əhəmiyyətli dərəcədə artmağa doğru getdi.

Elşən BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.