Türk dövlətlərinin ortaq ordusu yaradılıb
29 Yanvar 2013 12:26 (UTC+04:00)
Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın iştirakı ilə türk
dövlətlərinin ortaq ordusu yaradılıb. Bu barədə Trend-ə
hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, ortaq
orduya dövlətlərin adlarının baş hərflərindən istifadə edilərək
TAQM adı verilib.
Məlumatda o da qeyd olunur ki, ordunun simvolu hesab edilən at
heykəli Azərbaycan Daxili Qoşunları Zakir Həsənov tərəfindən
Türkiyə Jandarm Qüvvələrinin baş Komandanı, ordu generalı Bəkir
Kalyonşuya təqdim edilib.
Qeyd edək ki, yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu
Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan
nümayəndələri iştirak edib.
İclasda Azərbaycan daxili işlər nazirinin müavini, Daxili
Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Türkiyə
Jandarmeriyasının baş komandanı, ordu generalı Bəkir Kalyoncu,
Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek
Arbayev və Monqolustandan müvafiq qurumun rəhbərinin başçılıq
etdiyi nümayəndə heyətləri iştirak edib.