LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

29 Yanvar 2013 17:34 (UTC+04:00)
Son illərin sosial-iqtisadi statistikası Azərbaycanda fermer təsərrüfatlarının sürətli inkişaf yolunda olduğunu göstərir. Əsas etibarı ilə regionlarda özünü göstərən bu hal ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatların məntiqi nəticəsi kimi çıxış edir. Bu islahatlar sayəsində əsasən kənd təsərrüfatı ölkəsi olan Azərbaycanda bütövlükdə iqtisadiyyatın digər sektorları ilə sıx bağlı olan aqrar sektorda sürətli artım qeydə alınır. Həmçinin, görülən tədbirlər əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır.
Aqrar sektorda aparılan islahatların təxminən yarıya qədəri kənd yerlərində yaşayan və aqrar sektorda çalışan əhalinin məşğulluq səviyyəsini də yüksəldir. İslahatlar nəticəsində aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılıb və bura dövlət və bələdiyyə mülkiyyətində olan obyektlərin müəyyənləşdirilməsi, torpaq islahatı və onun nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətli torpaqların ayrılması, meliorasiya və su təsərrüfatı müəssisələri üzərində mülkiyyət münasibətlərini dəyişdirməklə onlardan istifadənin mütərəqqi formalarının müəyyənləşdirilməsi, kənd təsərrüfatı emal müəssisələrinin və infrastruktur obyektlərinin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi, sosial infrastruktur obyektlərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılması, istehlak kooperasiyalarının islahatı kimi məsələlər daxildir. Qeyd olunan istiqamətlər üzrə kifayət qədər uğurlu nəticələr əldə olunub. Eləcə də aqrar bölmədə çoxnövlü təsərrüfat formaları yaradılıb.
Bura xüsusi mülkiyyətli fermer təsərrüfatları və yardımçı təsərrüfatlar, birgə mülkiyyət hüququna əsaslanan birgə təsərrüfatlar, kooperativlər, şərikli təsərrüfatlar, səhmdar cəmiyyətləri və dövlət mülkiyyətinə əsaslanan dövlət kənd təsərrüfatı müəssisələr və səhmdar cəmiyyətlərinin yaradılması aiddir. Aqrar bölmədə dövlət təminatı sisteminin yaradılması istiqamətində mühüm addımlar atılıb.
Bütün bunların nəticəsidir ki, ölkədə aqrar sferada həyata keçirilən islahatları hələ ötən əsrin ortalarında digər MDB ölkələri tərəfindən böyük maraqla qarşılanırdı. Bu səbəbdən təsadüfi deyildi ki, bu sahədə Azərbaycanda yaradılan hüquqi baza bir sıra postsovet ölkələri tərəfindən dərindən öyrənilir, prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilirdi. Məsələn, bu məqsədlə Ukrayna, Rusiya, Belorusiya, Qazaxıstan və digər dövlətlər Azərbaycan təcrübəsindən yararlanmağı vacib sayırdı.
Aqrar islahatlar zamanı ulu öndər Heydər Əliyevin diqqət yetirdiyi ən vacib məqamlardan biri də daha keyfiyyətli və əkin-biçinə yararlı olan torpaqların mülkiyyətçilərin ixtiyarına verilməsi idi. Bu məqsədlə mülkiyyətçilərə əsas etibarı ilə kolxoz və sovxozların ləğvindən sonra onların balansında olan yararlı və münbit torpaqlar verilirdi və qeyd edilən məqam da aqrar islahatlar baxımından Azərbaycanı MDB məkanının bir çox digər ölkələrindən əhəmiyyətli dərəcədə fərqləndirirdi.
Aparılan islahatlar çərçivəsində Azərbaycan üçün daha bir xarakterik xüsusiyyət ölkə ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verilməsi idi. Bundan başqa, Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququna malik idi. Bu isə o demək idi ki, torpaq mülkiyyətçisi olan 3 milyon beş yüz min nəfər subyektdən başqa respublika əhalisinin yerdə qalan hissəsi də torpaq - vətəndaş münasibətlərindən kənarda qalmır və istədikləri təqdirdə sözügedən prosesdə bütün hüquqlarının gözlənilməsi və təmin olunması şərtilə iştirak edə bilərdi. Elə buna görə də təkcə kənd yerlərində yaşayanlar yox, rayon və şəhərdə yaşayan, torpaq islahatlarından yararlanmaq istəyən şəxslər də yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı kimi çıxış etməyə başladı. Aqrar sahədə həyata keçirilən islahatlarda vətəndaşların hüquqlarının maksimal təmininə yol açan mühüm amillərdən biri də fiziki və hüquqi şəxslərə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna səlahiyyətlər verilməsi idi. Yəni, belə şəxslər malik olduqları torpaqlarda alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi əməliyyatlar həyata keçirmək hüquqlarına malik idi. Onu da qeyd edək ki, hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət aktları ilə rəsmiləşdirilərək, naturada sahiblərinə tanıdılırdı. Bütün bunlar Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə torpaq islahatlarının nə dərəcədə əsaslı xarakter daşıdığını, fundamental özülə malik olduğunu, vətəndaşların hüquq və mövqelərinin ən yüksək səviyyədə gözlənilməsinə xidmət etdiyini, sosial-ədalət prinsipinin bu prosesdə tam gözləndiyini bir daha əyani surətdə təsdiq edirdi.
Beləliklə, aparılan islahatlar nəticəsində Sovetlər dönəmində mövcud olan iri təsərrüfat formalarının əvəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradıldı, geniş miqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması fərdi mülkiyyətlə əvəz edildi. Bütün bunlar kənd əhalisinin şəhərlərə axınının qarşısının alınmasında müstəsna rol oynadı, Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatının əsasən, yerli istehsal hesabına ödənilməsinin əsasını qoydu, məşğulluq səviyyəsini artırdı, aqrar sahədə sabit inkişafı təmin etdi.
Aqrar islahat nəticəsində 2239 kolxoz, sovxoz və sair kənd təsərrüfatı müəssisəsi ləğv edilərək onların bazasında müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatlar yaradıldı. Keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1 milyon 395 min hektar torpaq sahəsinin demək olar ki, 100 faizi özəlləşdirildi. Torpaq islahatlarının başa çatdırılmış birinci mərhələsində hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət aktları ilə rəsmiləşdirilərək, naturada sahiblərinə tanıdıldı.
İslahatlar nəticəsində Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi, 1 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı. Burada bir məqama da xüsusi toxunmaq lazım gəlir ki, mövcud qanunvericilik dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan hər bir Azərbaycan vətəndaşının istifadəsinə, icarəsinə imkan verir. Həmçinin, bələdiyyə mülkiyyətində olan torpaqlardan alqı-satqı məqsədilə də istifadə etmək mümkündür. Belə vəziyyət Azərbaycan insanını torpağa daha çox bağlamağa xidmət etməklə yanaşı, onun elə bu torpaq sayəsində maddi rifah halının yüksəlməsində də əvəzsiz rol oynadı və oynamaqdadır.
Torpaqla bağlı həyata keçirilən islahatlar mövcud əsrin xarakterinə müvafiq olaraq dinamik, eyni zamanda təkrar və həmişə inkişafda olan daimi bir proses kimi qiymətləndirilir. Bu səbəbdən həmin islahatlar zaman keçdikcə dövrün tələblərinə müvafiq olaraq daim təkmilləşir, yeniliklərə məruz qalır, bir-birini tamamlayan müxtəlif mərhələlərə bölünür. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş aqrar sahəyə dair dövlət siyasəti onun layiqli varisi olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu mənada təsadüfi deyil ki, 2003-cü ildə Prezident seçildikdən sonra cənab İlham Əliyevin imzaladığı ilk fərman və sərəncamlarda aqrar sahənin inkişafı da mühüm yer alırdı. Bu xüsusda Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı aqrar sektorda islahatların ikinci mərhələsinə başlanmasına start verdi. Fərmanda bununla əlaqədar lazımi tədbirlərin görülməsini sürətləndirmək xüsusi olaraq göstərildi. Fərman aqrar sahənin inkişafına daha böyük təkan verdi, bu bölmədə çalışan insanlara əlverişli şəraitin yaradılmasına səbəb oldu.
Həmin Fərmanın məntiqi davamı olan 11 fevral 2004-cü il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)" nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi aqrar sahədə köklü dəyişikliklərin aparılmasına və bu sahədə sahibkarlıq fəaliyyətinin geniş inkişaf etməsinə əlavə imkanlar yaratdı. Dövlət Proqramında digər tədbirlərlə yanaşı aqrar sahədə fəaliyyət göstərmiş emal müəssisələrinin fəaliyyətinin bərpa olunması, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması və inkişaf etdirilməsi, aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, bunun üçün regionlarda texniki xidmət mərkəzləri yaratmaq, toxumçuluq bazasını genişləndirmək və digər zəruri tədbirlər həyata keçirmək nəzərdə tutulurdu.
Bununla yanaşı, aqrar bölmənin idarə edilməsində mövcud pərakəndəliyi aradan qaldırmaq, bu sahənin davamlı inkişafını təmin edən idarəetmə sistemini yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edildi və onun yanında yeni qurumlar yaradıldı. Həmin qurumlar Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Nəzarəti Xidməti və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi idi. Xatırladaq ki, həmin Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi ləğv edildi.
Prezident İlham Əliyevin aqrar bölmənin inkişafı istiqamətində atdığı ən mühüm addımlardan biri də 23 oktyabr 2004-cü il tarixli digər Sərəncamı ilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılması və aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər müəyyən edilməsi oldu. Məhz bu səhmdar cəmiyyət hesabına fermerlərin texnikaya olan tələbatı ödənildi. 2010-cu il iyulun 26-da isə aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam verilib.
Elşən BAYRAMOV
(ardı var)
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.