Tikilə-tikilə dağılan yollar...

30 Yanvar 2013 07:45 (UTC+04:00)

Havaların yenidən yağmurlu keçməsi paytaxtın bəzi sahələri üçün az qala ənənəvi xarakter daşıyan və küçələri keçilməz hala gətirən gölməçələr probleminin yaranması ilə müşayiət olunmaqdadır. Düzdür, paytaxtın magistral yollarında, mərkəzi hissələrində bu qəbildən olan problemlərə çox rast gəlinmir.

Lakin ətraf qəsəbə və kəndlər, eləcə də müəyyən məhəllə yolları ilə bağlı vəziyyət tamam fərqli xarakter daşıyır. Belə yollarda küçəni adlamaq üçün belə demək mümkünsə, az qala qayıq lazımdır. Minik avtomobillərinin sahibləri də bu kimi yollardan çox şikayətçidirlər. Çünki yaranan çala-çuxurlar maşınların altının yerə dəyməsi, müxtəlif hissələrinin sıradan çıxması ilə müşayiət edilməkdədir.

Yolların çala-çuxurlarla dolu olması və yağış yağan onların su ilə dolması isə vəziyyəti daha da qəlizləşdirir. Məsələn, Ramana qəsəbəsindən məcburi köçkünlər üçün salınan şəhərciyə gedən yolda bu mənzərənin şahidi olmaq olar. Bu yollarda heç bir cari təmirin aparılmaması isə vəziyyəti daha da qəlizləşdirir. Digər tərəfdən ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti Bakının bir sıra ətraf qəsəbələrində yolların daha bərbad hala düşməsi ilə müşayiət olunur. Onu da qeyd edək ki, Bakı və onun ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf proqramında başlıca məsələlərdən biri şəhər və ətraf qəsəbələri birləşdirən yolların təmiri və yenidən qurulmasıdır. Burada həmçinin qəsəbədaxili yolların da yenilənməsi nəzərdə tutulub. Bu məqsədlə müvafiq işlər görülüb. Şəhər mərkəzi ilə yanaşı, ətraf qəsəbələrə gedən yollar da demək olar ki, yenidən qurulur. Lakin qurulan yollara sonradan tam nəzarət olunmaması və müxtəlif müdaxilələr olduqca acınacaqlı vəziyyət yaradır.

Daha bir təhlükəli hal ondan ibarətdir ki, normadan artıq yük götürən ağırtonnajlı yük maşınları asfalt örtüyünü yararsız hala salmaqla yanaşı digər təhlükəsizlik tədbirlərinə də əməl etmirlər. Digər təhlükəsizlik tədbirləri deyəndə tikinti materialları daşıyan yük maşınlarının normativlərin tələblərinin pozmasıdır. Belə ki, mişar daşı, çınqıl, qum və s bu kimi tikinti məmulatları daşıyan ağırtonnajlılar daşıdıqları materialların üzərini müxtəlif tentlərlə ötrməlidirlər ki, daşıdıqları məhsullar ətrafa səpələnməsin. Yük maşınlarının daha intensiv hərəkət etdiyi Sulutəpə, Qobu, Güzdək kəndlərinin yollarında belə mənzərələrə tez-tez rast gəlmək olar. Küləkli havada ağırtonnajlının yük yerində ətrafa səpələnən qum, yerə tökülən daş-çınqıl bunlara əyani misaldır. Bu vəziyyət ətrafda yaşayan sakinləri də bezdirib.

Qanunvericiliyə uyğun olaraq normadan artıq yük götürən və tentdən istifadə etməyən ağırtonnajlılara qarşı cərimə tədbirləri görülür. Yol polisi bu istiqamətdə işlərini daima davam etdirir.

Lakin yenə də təəssüf doğuran hal odur ki, böyük məbləğdə vəsaitlər sərf edilərək çəkilən və təmir edilən yollar dağıdılır. Yollarda tərəzilərin qoyulmasına baxmayaraq, həddən artıq yüklnən yük maşınları hələ də hərəkət edir, qəzalar yaradır və yollara böyük zərər vururlar.

Qeyd edək ki, bir qədər əvvəl İnzibati Xətalar Məcəlləsində təsdiqlənən dəyişikliklərə əsasən, bundan sonra iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən normadan artıq yüklənməsinə görə təqsirkar olanlar əvvəlkindən 8-20 dəfə çox cərimə ödəməli olurlar. Dəyişikliklərdən sonra hüquqi şəxslərə məxsus olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən yüklənməsinə görə - vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək miqdarda cərimə edilir.

Fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə cərimənin məbləği isə 600-700 manat təşkil edir. Bu hərəkətə il ərzində təkrar yol verən fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla onlar 1000-1200 manat, vəzifəli şəxslər 1800-2000 manat, hüquqi şəxslər isə 5500 manatdan 6000 manatadək miqdarda cərimə olunur. Lakin cərimələrin artırılmasına baxmayaraq, problem hələ də tam həllini tapmır.