Prezident Administrasiyasında təhsildəki korrupsiya ilə bağlı müzakirələr
30 Yanvar 2013 10:18 (UTC+04:00)
Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda
duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsini aidiyyəti qurumlardan tələb edib.
Prezident İlham Əliyev tapşırıb ki, xüsusi olaraq təhsil sahəsində
bu mübarizəni daha səmərəli təşkil etmək məqsədi ilə Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasında bu
məsələ müzakirə olunsun. Komissiyasının 2013-cü il yanvarın 26-da
təhsil idarəçiliyinə məsul vəzifəli şəxslərin iştirakı ilə geniş
tərkibli iclası keçirilib.
İclasda geniş məruzə ilə çıxış edən Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyanın sədri Ramiz Mehdiyev təhsildə olan problemlərə
toxunub, islahatların və xüsusilə korrupsiyanın qarşısının alınması
məqsədilə əlavə tədbirlərin daim və davamlı şəkildə həyata
keçirilməsinin çox mühüm olmasını qeyd edib. O, təhsildə həm
idarəçiliyin təşkili, həm də məzmunun keyfiyyəti ilə bağlı
problemlərin olmasını vurğulayıb və bu halların aradan qaldırılması
üçün təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac olduğunu vacib
sayıb.
Komissiyanın sədri ali təhsil müəssisələrində dekanlıqların
məsuliyyətinin artırılmasını və şəffaflığın təmin olunmasını,
kafedraların, müdafiə şuralarının fəaliyyəti, dərsliklərin
keyfiyyəti və müasir tələblərə uyğun olmaması, kitabxanaların
elektron xidmət potensialının və universitetlərin internet
səhifələrinin aşağı səviyyəsi, müasir ixtisaslara tələbin olması
kimi məsələləri vurğulamış və tədrisin keyfiyyətinin artması üçün
bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini
bildirib.
Tələbələrin ərizə və müraciətlərinin araşdırılmasından danışan
Komissiya sədri universitetlərin idarə edilməsində tələbələrin
ehtiyaclarının nəzərə alınması, sosial şəbəkələrdə təhsillə bağlı
fikirlərinin təhlil edilməsi və buna adekvat tədbirlərin həyata
keçirilməsi ilə bağlı məsələlərə toxunub. Bundan əlavə,
Komissiyanın sədri orta və texniki peşə təhsili sahəsində
çatışmazlıqların qalmasını və bu barədə iradlarını iclas
iştirakçılarına çatdırıb. İclasda xüsusi olaraq ali təhsil
müəssisələrində müəllimlərin maaşlarının artırılması ilə bağlı
fikirlərini qeyd edən Komissiyanın sədri ödənişli təhsildən daxil
olan vəsaitlərdən müəllimlərin əmək haqlarına edilən əlavələr üzrə
vahid qaydalara ehtiyac olmasını bildirib.
Komissiya sədri, həmçinin universitetlərdə fəaliyyət göstərən
tələbə gənclər təşkilatlarının fəaliyyətinə toxunub, təşkilatların
rəhbərliyinə nüfuzlu gənclərin cəlb olunmasını və onların
fəaliyyətlərinin genişləndirilməsi üçün zəruri şəraitin
yaradılmasını vurğulayıb. Sədr başqa universitetlərdən olan tələbə
köçürmələri və təkrar ali (ikinci) təhsilin təşkili ilə bağlı
məsələlər üzrə də ciddi iradları səsləndirib.
Komissiyanın sədri çıxışında ümumtəhsil məktəblərinin fəaliyyətində
olan nöqsan və problemlərə geniş yer ayıraraq, əmin olduğunu
bildirib ki, qısa müddətdə görülmüş tədbirlər nəticəsində bu sahədə
dönüş yaranacaq.
İclasda çıxış edən Komissiyanın üzvü, Azərbaycan Respublikasının
baş prokuroru Zakir Qaralov təhsil sahəsində korrupsiya və digər
mənfi hallar barədə vətəndaşlar tərəfindən daxil olan müraciətlər
və bu sahədə aparılan cinayət işləri barədə məlumat verib. O
bildirib ki, 2010-2012-ci illər ərzində Baş Prokurorluq tərəfindən
təhsil sahəsində qanun pozuntuları ilə bağlı 536, o cümlədən
"161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 429 müraciətə
baxılıb, 72 cinayət işi istintaq olunmaqla, bir sıra hallarda
təxirəsalınmaz əməliyyat tədbirləri keçirilərək təqsirli şəxslər
cinayət başında yaxalanıblar. Baş prokuror daxil olmuş
müraciətlərin və istintaq edilmiş işlərin ümumiləşdirilməsi
əsasında təhsil sahəsindəki mənfi halların qarşısının alınması üzrə
bir sıra təkliflər verib.
İclasda çıxış edən təhsil naziri Misir Mərdanov ali təhsildə
2010-2011-ci təhsil ilindən tətbiq edilən yeni maliyyələşmə
mexanizminin məqsədləri və səmərəsindən danışıb, qeyd edib ki, bu
mexanizmin tətbiqi nəticəsində maliyyə vəsaitlərinin ayrılması
prosesində şəffaflıq təmin edilib. Müəllimlərin işə qəbulu
məsələsinə toxunan nazir qəbulun şəffaf və obyektiv keçirilməsini
bildirib. O, 2012-ci ildə Təhsil Nazirliyinə 7156 şikayət daxil
olması, onlardan 1734-nün müsbət həll edilməsi, 1924-ü ilə əlaqədar
müvafiq izahat verilməsi, 1247 müraciətlə bağlı aidiyyəti üzrə tabe
təşkilatlara tapşırıqlar verilməsi, 2251 müraciətin əsassız olması
barədə məlumat verib. Nazir həyata keçirilən tədbirlər nəticəsində
ali təhsil müəssisələrində imtahanlarda əvvəlki illərə nisbətən
şəffaflıq və obyektivliyin xeyli artdığını, şikayətlərin sayının
isə azaldığını bildirib.
İclasda çıxış edən Komissiyanın üzvü, Prezident Administrasiyasının
hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər
barədə məlumat verib, bu tədbirlərin təhsil sahəsini də əhatə
etdiyini bildirib. O, təhsil idarəçiliyində korrupsiyaya şərait
yaradan bir sıra halları qeyd edib və bu halların aradan
qaldırılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirib.
Komissiya üzvü, həmçinin informasiya-kommunikasiya sistemlərinin
təhsilə inteqrasiyası ilə bağlı məsələlərə toxunub, yeni fəaliyyətə
başlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnnovasiya mərkəzinin innovativ təcrübəsinin bir neçə
ali təhsil müəssisəsində və orta məktəblərin yuxarı siniflərində
tətbiq edilməsi barədə təklif verib.
Komissiyanın sədri sonda təhsildə informasiya texnologiyalarının
tətbiqi məsələsini xüsusi olaraq vurğulayıb, bu vasitələrin
tədrisin keyfiyyətinə və korrupsiyaya qarşı mübarizədə səmərəli
alət olacağını qeyd edib.
İclasın sonunda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya müzakirə
edilən məsələlər barədə qərar qəbul edib.