“20 Yanvar” faciəsi

31 Dekabr 2012 12:02 (UTC+04:00)

Saysız hesabsız itkilərdən başı açılmayan Azərbaycanın xalqının bir qanlı səhifəsi də var ki, onu tarixdən silmək qəti olmur. Belə faciələrdən biridə "20 Yanvar"dır. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qanlı divan tutulması, terror nəticəsində minlərlə günahsız insanın qətlə yetirilməsi mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq, sülh yolu ilə bunu dərindən həll etmə üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə müxtəlif ölkələrdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" peşəkarcasına istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu cəfəngiyat idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Hətta yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunda belə partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin alçaq siması bu idi. Günahsız insanları öldürməklə o nəyə nail oldu, nəyi sübut etmək istədi, dinc yerli sakinləri öldürməklə o elə bildi ki, hər şeyi qaydasına qoyub, hər şey onun istədiyi kimi olacaq. Onun çirkli əlləri minlərlə insanın qanına batmışdı, amma o qatil bununla da sakitləşmədi və öz planını qəddarcasına davam edirdi.

Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər, xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür, adamlar soyuq silahla, vəhşicəsinə qətlə yetirilmişdir. 200 ev, 80 maşın, əsgərlər tərəfindən darmadağın edilmişdi, dövlət və özəl mülkiyyət məhv olunmuşdu. Qətlə yetirilmiş insanların arasında təcili yardım və polis işçiləri də var idi. Onların içində ən cavanları- 13 yaşlı məktəbli İlqar İbrahimov və Larisa Məmmədova, ən yaşlıları isə 75 yaşlı Sura Babayeva və 76 yaşlı Yunus Rəhimov idi. Bəziləri itkin düşdü, bir çox sayda insan əlil qaldı, valideyinlərini, övladlarını itirənlər yetim qalanlar da oldu.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə inadını qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan vətən oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi və firavan həyat üçün yol açdılar. Amma nə etmək olardı, artıq çox gec idi günahsız oğul qızlarımız heç nədən, hədərə getdilər, heç bir günahı olmaya - olmaya quldur əlindən şəhid olub bu dünyanı həmişəlik tərk etdilər.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Bütün dünya bu qanlı faciədən Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri "20 Yanvar" qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Başları ancaq hakimiyyəti bölüşdürməyə qarışıq idi. Qanlı faciə isə heç kimin vecinə belə deyildi. Yalnız 1994-cü ildə "Qanlı Yanvar" hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. Belə şəxsiyyətlərdən biri və birincisi ümummilli liderimiz Heydər Əliyev olub. H.Əliyev hələ Moskvada yaşayarkən, həyatını böyük təhlükə altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin etirazını bildirmiş, onlara cinayət işi qaldırılması tələbini irəli sürmüşdü. Həmçinin imperiyanın başında duranların əleyhinə Rusiyanın paytaxtında möhtəşəm mitinq təşkil etməklə Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırmağa nail olmuşdu. H.Əliyev Azerbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra da yanvar faciəsini törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi üçün əlindən gələni etmiş, hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət almasından ötrü vacib olan bütün prosedurların yerinə yetirilməsinə çalışıb. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, "20 Yanvar" qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Adətən bura Dağüstü Park da deyirlər. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edib məzarları önünə əkil və gül çiçək qoyurlar. Burda ucaldılmış əbədi məşəl Bakının hər yerindən görünür. Bu məşəl artıq Şəhidlər Xiyabanının bir simvolu olaraq tanınır. Daim yanan bu məşəl heç vaxt sönmür, bu da ondan irəli gəlir ki, şəhidlərin xatirəsi ölməzdi. Ulu Öndər Cənab Heydər Əliyev bu Xiyabana hər ildönümü gəlirdi və şəhid olan oğul qızlarımızın xatirəsini yad edirdi, onların xatirəsini daima uca tuturdu və hər bura gələndə çox kövrəlirdi. Bir dəfə də hətta o bura gəldikdə hörmət naminə məzarları öpdü və bununla da o sübut etdi ki, şəhidlərin xatirəsi çox ucadı və onlar ölməzdi. Ulu Öndər daima şəhidlərin ailələrinə görüşüb kömək də edirdi. Prezidentimiz Cənab İlham Əliyev həmçinin "20 Yanvar" Şəhidlərinin ailələrinə həmişə kömək edir, şəhidlərin ailələri daima onun diqqət mərkəzindədi, müxtəlif sərancamlar əsnasında şəhid ailələrinə hökumət tərəfindən qayğı göstərilir, onlara daima güzəştlərdə olunur. Həmçinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, şəhər sakinləri də hər ildönümü buranı ziyarət edir, şəhidləri yad edib və onların ruhuna dualar oxuyurlar. Xaricdən gələn qonaqlar, ölkəmizə gələn hər hansı bir yüksək vəzifəli və mötəbər insan, dövlət və hökümət nümayəndələri də həmçinin mütləq birinci növbədə buranı ziyarət edib ölməz oğul və qızlarımızın xatirəsini yad edib onların məzarlarına əkil qoyurlar. Hətta demək mütləqdi ki, bu Xiyaban müqəddəs And yerinə çevrilmişdi. Evlənən cütlüklər adətən buranı ziyarət edib şəhid olmuş və Şəhidlər xiyabanındada ön sırada uyuyan İlham və Fərizənin məzarı önündə bir - birinə söz verirlər ki onların da sevgisi bu cütlük kimi əbədi, saf və fədakar olacaq. İlham və Fərizənin bu sevgisi cavanlar üçün bir örnəkdi.

Hər "20 Yanvar" faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bütün dövlət və hökumət müəssisələrində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir. Gəmilər siqnal verir, küçələrdə maşınların hərəkətı 1 dəqiqəlik dayandırılır. Bakı Metropoliteninin də hərəkatı bir dəygəlik dayandırılır. Müasir Azərbaycanın istiqlaliyyət yolunun başlandığı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəmanlıq səlnaməsinə yeni səhifə yazan Vətənin igid oğul və qızlarımızın bir çoxu "20 Yanvar" metro stansiyasının yaxınlığındakı ərazidə qətlə yetirildilər. Həmin vaxt bu ərazidə bir vaxtlar əli Azərbaycan xalqının qanına bulaşan imperiya ordusunun şərəfinə abidə ucaldılırdı. İndi isə bu ərazidə hər birimizin and yerinə çevrilən şəhidlərimizin əziz xatirəsinə salınan memorial abidə kompleksi yerləşir.

Biz inanırıq ki, heç bir cinayət cəzasız qalmayacaq. Qatil qorbaçovlar, vəzirovlar tarixin haqq divanı önündə cavab verəcəklər. Allah şəhidlərimizə rəhmət, düşmənlərimizə lənət etsin! Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə daima yaşayacaqdır və bu xatirə günü gündən böyüyəcək və heç vaxt unudulmayacaq. Şəhidlər müqəddəsdi, Şəhidlər ölməzdir! Vətən uğrunda savaşanlar və Vətən naminə canlarından keçən oğul və qızlarımız daima hər bir Azərbaycanlının qəlbində yaşayacaq və onların xatirəsi hər zaman xalq üçün ən uca və unudulmaz olacaq. Bizim bu günümüz üçün mərd, igid oğul qızlarımız öz canlarını fəda etdilər.