Özəl ali məktəbləri biliyi kafi olanlar seçir
30 Yanvar 2013 13:20 (UTC+04:00)
"Azərbaycanda ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan
gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir".
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun
nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə deyib.
M. Abbaszadə bildirib ki, abituriyentlər ərizələrinin ilk
mövqelərində əsasən, dövlət ali təhsil müəssisələrinin
ixtisaslarını kodlaşdırırlar. Onun sözlərinə görə, 2012-ci ildə
sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas
kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 6.31 faiz
olub. 2000-ci illərin başlanğıcında bu göstərici 0.67 faiz təşkil
edib: "On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş
çox kiçikdir. Bu baxımdan, hazırda da özəl ali təhsil
müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil
müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük
əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyildir. İndiyə
qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil
müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin
ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə
rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Özəl ali təhsil
müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi
əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və
ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm
təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli
tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər
etməlidirlər. Lakin, təəssüf ki, bir çox özəl ali təhsil
müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər".