Radiasiya təhlükəsinin haradan gəldiyi məlum oldu

31 Yanvar 2013 10:30 (UTC+04:00)

Məlumdur ki, insan səhhətinin və ekologiyanın qorunması baxımından aktual olan mövzulardan biri də yolverilən radiasiya səviyyəsinin gözlənilməsidir. Buna nüvə enerjisi, neft hasilatı olan və radioaktiv maddələrin çıxdığı ölkələrdə daha çox diqqət yetrilir. Amma bəzən baş vermiş texnogen, təbii fəlakətlər radiasiya fonun artmasına səbəb olur. Elə tarixən insanlar bu cür təbii və süni fəlakətlərdən az ziyan çəkməyiblər. Ən sonuncu dəfə isə bu cür qorxu 2011 – ci ildə baş vermiş zəlzələ və sunamidən sonra Yaponiyada yaşandı.

Aidiyyatı qurumlar isə hazırda Azərbaycanda radiasiya səviyyəsi normal olduğunu bildirirlər. Nisbətən lokal olaraq neft və radioaktiv süxurların olduğu yerlər və nüvə enerjisindən istifadə olunan qonşu ölkələrdən təhlükə ola bilər. Bunun da qarşısının alınması üçün fasiləsiz olaraq qabaqlayıcı tədbirlər görülür. Həmçinin onu da bildirək ki, Azərbaycanda "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" qanun da mövcuddur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit Üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova "Mövqe"yə açıqlamasında bildirdi ki, biz, bütün ölkə ərazisində, inzibati rayonların hamısında həmin ərazilərin landşaftından asılı olaraq radiasiya fonuna nəzarət işinin monitorinqlərini aparırıq: "Ölkə ərazisində artıq çoxdan qurulmuş şəbəkəmiz fəaliyyət göstərir. Bu şəbəkə gündə 3 dəfə ölkə ərazisində olan radiasiya şəraitinə nəzarəti həyata keçirir. Bu, əsasən Günəş aktivliyi üzərində olan qamma, yəni, təbii radiasiya fonu üzərində müşahidədir. Bundan əlavə bizim Beynəlxalq Atom Agentliyinin maliyyə dəstəyi ilə sərhəd zonalarında radiasiya şəraitinə nəzarət edən avtomatik rejimdə işləyən şəbəkəmiz də fəaliyyət göstərir. Həmin cihaz hər dəqiqə ölçmə işləri aparır. Operatorun verdiyi komandadan asılı olaraq hər 3 saatdan bir həmin saatlar ərzində fərqli sayda ölçmə apara bilər. O saatlar ərzində alınmış rəqəmlərin orta qiymətini çıxarılır və mərkəzə ötürülür. Eləcə digər rayonların ərazisində fəaliyyət göstərən şəbəkəmiz də var. Onlar adi şəkildə, insan tərəfindən gündə 3 dəfə həmin ərazilərin radiasiya şəraitini yoxlayırlar. Ötürülmüş məlumatların əsasında da ölkə ərazində olan radiasiya şəraiti barədə məlumatlar veririk".

Nazirlik nümayəndəsi onu da əlavə etdi ki, 5 ildən bir hər ərazi üçün fəsillərdən asılı olaraq ayrıca, uzunmüddətli aparılmış müşahidələr əsasında fon diapazonu - aşağı və yuxarı hədlər seçilir: "Hədlər hər 5 ildən bir faktiki rəqəmlər əsasında dəyişdirilir. İllər üçün müqayisələr də həmin intervallara əsasən aparılır. Əgər ondan kənara çıxmalar olarsa, artıq o mənbələrin nə ilə bağlı olması axtarılır. Bizdə hələlik bu cür hallar baş vermir. Bugünkü gündə də bütün ölkə ərazisində radiasiya səviyyəsi normalıdır. Təhlükə nüvə enerjisindən istifadə edən qonşularımızdan ola bilər. Onu da şəbəkələrimiz vasitəsi ilə əvvəlcədən qeydə ala bilirik".

Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova isə bildirir ki, ölkəmizdə ümumi radiasiya fonu kəskin surətdə dəyişə bilməz: "Çünki, bizdə neft ixrac olunur. Bundan başqa bəzi təbii sərvətlər, dağlarda olan süxurlar var ki, onlar radiasiya fonuna təsir edir. Ona görə də bütün bunlarla əlaqəli rəqəmlərdə kəskin dəyişmələr ola bilməz. Azərbaycanda təbii radiasiya fonu 12 – 18 millirentgen/saat arasında dəyişir. Dəyişmə külək olanda torpaqdan ixrac olan radioaktiv maddələrin yayılması ilə əlaqəlidir. Külək olanda onların sıxlığı havada azalır. Amma külək olmayanda onlar torpaqdan üzə çıxdıqca bir yerdə qalır və radiasiya səviyyəsi artıq olur. Lakin bizə radioaktiv müəssisələr yoxdur. Bundan başqa müəssisələrdə də hansısa qəza hadisələri olsa, radioaktiv fona təsiri ola bilərdi. Yalnız Çernobıl və Yaponiyadan gələn təsirlər qorxulu idi. Qafqaz aşağı hissədə olduğundan o qədər də büruzə vermədi. Təbii radiasiya fonu da elədir ki, artıq Azərbaycanda anadan olanlar buna adaptasiya olurlar. Amma kiçik şüalanmaya təsir qalan xəstəliklər daha çoxdur".

Xanım Hüseynovanın sözlərinə görə, ümumilikdə Azərbaycanda lokal olaraq ərazilər üzrə radioaktiv dərəcələri demək çətindir: "Amma bizdə daha yüksək radiasiya fonu neft istehsalı ilə əlaqədar Abşeronda və Böyük Qafqaz yamacları tərəfində - Şəki, Zaqatala, Qəbələ, Oğuz zonasındadır. Çünki, Böyük Qafqaz yamacları tərəfində təbii radioaktivliyə təsiri olan polimetalik süxurlar var. Radiasiya səviyyəsi Gədəbəydə də çox ola bilər. Çünki, ümumiyyətlə, yerin dərinliyindən çıxarılan süxurlar daha radioaktiv olur. Ona görə də oradakı qızıl, mis mədənləri ilə əlaqədar radiasiya səviyyəsi də yüksək ola bilər".