Müəmmaya dönən sosial ipoteka…

31 Yanvar 2013 10:30 (UTC+04:00)

İpoteka şərtlərinin yüngülləşdirilməsi, ayrılan məbləğin artırılması məsələsi son dövrlərdə ən aktual mövzulardan biri olaraq qalır. Xüsusən də sosial ipotekanın verilmə şərtlərinin yüngülləşdirilməsi olduqca zəruri sayılır. Gözlənirdi ki, cari il ərzində bu istiqamətdə qanunvericilik səviyyəsində müvafiq addımlar atılacaq. Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə hazırlanan və artıq Azərbaycan İpoteka Fonduna göndərilən yeni təkliflər əvvəlki ipoteka şərtlərinin yüngülləşməsini nəzərdə tuturdu.

Təkliflər toplusu Nazirlər Kabinetinə göndərilib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirirdi ki, Gənclər və İdman Nazirliyi tərəfindən sosial ipoteka ilə bağlı təkliflər paketində kateqoriyaların sayı artırılıb. O qeyd edib ki, bura bir neçə kateqoriya də əlavə edilib: "Gənclər və İdman Nazirliyi tərəfindən sosial ipoteka ilə bağlı təkliflər paketi hazırlanaraq artıq Nazirlər Kabinetinə təqdim olunub. Müəyyən razılaşmalar, əlavə və düzəlişlər edildikdən sonra gənclərə sosial ipotekaların verilməsi bu və ya digər şəkildə tətbiq olunacaq. Güman edirəm ki, gələn ildən gənclər sadələşdirilmiş ipoteka kreditlərini əldə edə biləcəklər. Yeni təkliflərdə sosial ipoteka kreditlərinin verilməsi şərtlərinin dəyişdirilməsi və faiz dərəcələrinin aşağı salınması öz əksini tapıb".

İ.Babayev qeyd edib ki, dəyişikliklər ipoteka kreditinin həcmində əksini tapacaq, yəni kreditin maksimum məbləği indiki ilə müqayisədə artırılacaq. İpoteka kreditlərinin təkcə gənc ailələrə deyil, subay gənclərə də verilməsi nəzərdə tutulub: "Eyni zamanda, təkliflərdə kateqoriyaların sayı da genişləndirilib. Artıq ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər daha geniş gənclər kütləsini əhatə edəcək. Əvvəlki təkliflərdə sosial ipotekanın dövlət qulluqçuları, hərbçilər, elmi dərəcəsi və ya adı olan insanlara verilməsi nəzərdə tutulurdusa, yeni təkliflərdə dərəcəsi olmayan, lakin elmi fəaliyyətlə məşğul olan gənclərə də ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur". Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov isə qeyd edirdi ki, dəyişikliklərdə əsasən ilkin ödənişin azaldılması və verilən məbləğin artırılması təklif olunur.

Lakin parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimlinin sözlərinə görə, hələlik hansısa qanunvericilik aktında dəyişiklik müzakirə edilmir. Halbuki, yuxarıda qeyd olunduğu kimi müvafiq dəyişikliklərin edilməsi üçün layihə hazırlanıb və bir sıra dövlət orqanlarına da təqdim olunub. Lakin Əli Məsimlinin sözlərindən belə aydın olur ki, parlamentdə ipoteka ilə bağlı qanunvericilikdə hansısa dəyişikliklərin müzakirəsi gözlənmir. Lakin Əli Məsimli qeyd edir ki, dövlət tərəfindən ipoteka kreditlərinin verilməsi şərtlərinin dəyişdirilməsini Milli Məclisin 2013-cü il yaz sessiyasında gündəmə gətirməyə çalışacaqlar: "2013-cü ilin büdcəsində sosial ipoteka üçün ayrılan vəsait 2 dəfə - 20 milyon manatdan 40 milyon manata qədər artıb. Bunu irəliyə doğru addım hesab edirik, amma tədricən həmin vəsaitin 100 milyon manata çatdırılmasına çalışırıq. Sosial ipoteka üçün faiz dərəcələrinin 4 %-dən 2%-ə, adi ipoteka üçün isə 8%-dən 4-5%-ə endirilməsini vacib hesab edirik".

Xatırladaq ki, Azərbaycanda dövlət tərəfindən sosial və adi ipoteka kreditləri verilir. İpoteka Fondu tərəfindən gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial, başqa sözlə, güzəştli ipoteka maksimum 30 min manat olmaqla, 4%-lə 30 illiyə verilir. Adi ipotekanın maksimum məbləği 50 min manatdır və 8%-lə 25 illiyə verilir. Amma mənzil bazarındakı mövcud qiymətlər, həmçinin əhalinin gəlirlərini nəzərə alaraq, ekspertlər bu şərtləri ağır sayırlar.

Şərtlərin ağır olması fonunda ipoteka kreditlərinin azalması rəsmi statistikadan da görünür. Belə ki, 2012-ci il ərzində verilən ipoteka kreditlərinin ümumi həcmi 2011-ci ildəkindən təxminən 22 faiz az olub.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan İpoteka Fondunun xətti ilə banklar tərəfindən əhaliyə 74,77 milyon manat ipoteka krediti verilib. Bununla da ipoteka verilməyə başlayandan indiyədək əhaliyə verilən ipoteka kreditlərinin həcmi 420,2 milyon manata çatıb.

Bildirək ki, 2012-ci ildə dövlət büdcəsindən sosial ipoteka üçün AİF-ə 20 milyon manat vəsait ayrılıb və bu müddətdə AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 91,15 milyon manat təşkil edib. Qeyd edək ki, əhaliyə verilən ipoteka kreditlərinin həcmi 5,6 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2009-cu ildə 76,94 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2011-ci ildə 95,64 milyon manat olub.