Yanğınla bağlı cinayət işi açıldı

31 Yanvar 2013 11:56 (UTC+04:00)
Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma (225.2) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Movqe.az-a daxil olan Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, faktla bağlı müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, yanvarın 31-də saat 1:00 radələrində Şəmkir çayı üzərində su anbarının tikintisini həyata keçirən Türkiyənin "Çingiz" inşaat-tikinti şirkətinin fəhlələrinin yaşadıqları yataqxanada yanğın baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti, maşın və mexanizmləri cəlb edilməklə yanğının qarşısı alınıb, yanğının genişlənməsinə və binanın digər hissələrinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində binanın 300 kvadrat metr ərazisi yanıb, həmçinin tikintidə çalışan fəhlələr - Türkiyə Respublikası vətəndaşları 1988-ci il təvəllüdlü Engin Yaşar və 1968-ci il təvəllüdlü Aladdin Özden ölüblər. 1986-cı il təvəllüdlü Murat Altun, 1984-cü il təvəllüdlü Nasib Keçkin və 1963-cü il təvəllüdlü Levent Sürül isə aldıqları yanıq xəsarətləri ilə əlaqədar Bakı şəhərindəki 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib, vəziyyətləri orta ağırdır. Hazırda xəstələrə zəruri ilkin tibbi yardım göstərilir. Şəmkir rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitlərə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.