Müdafiə Nazirliyinin sözçüsü zabitlərin iddialarına münasibət açıqladı

31 Yanvar 2013 13:53 (UTC+04:00)

Yanvarın 31-də Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu açıqlama yayıb. O deyib: "Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyinin keçirdiyi mətbuat konfransında döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının azaldıldığı qeyd edilir. Tədbirdə səslənən fikirlər həqiqəti əks etdirmir və bir sıra hallarda şişirdilmiş dırnaqarası faktlarla ictimai rəydə çaşqınlıq yaradılır. Nazirlər Kabinetinin 8 iyun 1998-ci il qərarı ilə hərbi qulluqçuların vəzifə maaşları orta hesabla 3.5, hərbi rütbəyə görə maaşlar isə orta hesabla 2 dəfə artırılıb. Həmin qərarla da döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların vəzifə və rütbə maaşları ikiqat həcmdə ödənilməyə başlanıb.

Nazirlər Kabinetinin bu qərarı təkcə Müdafiə Nazirliyinə deyil, döyüş əməliyyatlarında iştirak etmiş digər güc strukturlarının hərbi qulluqçularına da şamil olunub. Nazirin müvafiq əmri də məhz Nazirlər Kabinetinin həmin qərarına əsaslanıb. Beləliklə, adıçəkilən normativ hüquqi aktların qəbul edilməsi nəticəsində döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların pul təminatı nəinki azalıb, əksinə, orta hesabla 2.5 dəfə artıb.

Bu səbəblərə görə də ictimai birliyin Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddialar məhkəmələrdə rədd edilib".