Qafqaz Müsəlmanları İdarəsi "od püskürdü"
31 Yanvar 2013 14:49 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Elşad İskəndərova cavab verdi. Belə ki, E.
İskəndərovun "Azərbaycanda bəzi din xadimlərinin dini maarif
səviyyəsi qənaətbəxş deyil sözlərinə QMİ-nin cavabı özünü çox
gözlətməyib. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs
Payızov Movqe.az-a açıqlamasında bildirib ki, din xadimlərini
savadsız adlandırmaq heç bir məntiqə sığmır: "Din xadimi deyəndə
dini savadı olan şəxs başa düşülür. Necə ola bilər ki, belə bir
insanın dini biliyi aşağı olsun. Bu sözün özündə bir yalnışlıq və
məntiqsizlik var. O ki, qaldı din xadimlərinin biliyinə olan
şübhələrə, QMİ-nin əməkdaşları sayılan din xadimlərinin dini biliyi
tələb olunan səviyyədədir: "QMİ dini təhsili olan insanları işə
götürdükdə onların hər birinin savadını yoxlayıb attestasiyadan
keçirir. Bizim idarənin əməkdaşları olan din xadimlərinin hər
birinin dini təhsili var. Onların mütləq əksəriyyəti Bakı İslam
Universitetinin məzunlarıdır. Bundan başqa din xadimlərimiz
arasında Suriyada, İranda, Türkiyədə, Liviyada təhsil alanları da
az deyil. Bu insanlara necə dini savadınız aşağı səviyyədədir demək
olar?"
M. Payızov bildirdi ki, regionlarda da, din xadimləri
attestasiyadan keçirilir: "QMİ-nin əməkdaşları olan din
xadimlərinin dini maarif səviyyəsinə heç kəsin şübhəsi ola bilməz.
Bəlkə də hüzr yerlərində "Quran" oxuyan, dinlə heç bir
əlaqəsi olmayan insanlarla din xadimlərini səhf salırlar. Mən
buradan səslənib deyirəm ki, qəbiristanlıqların kənarında oturub
dini xidmət göstərən "molla"ların QMİ ilə heç bir əlaqəsi yoxdur.
Biz onların dini savadına zəmanət vermirik. Çünki həmin insanlar
QMİ-nin Attestasiya Komitəsi tərəfindən attestasiyadan
keçirilmir. Belələri ilə din xadimlərini səhf
salmasınlar".
Xatırladaq ki, dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Elşad İskəndərov keçirdiyi mətbuat konfransında Azərbaycanda
bəzi din xadimlərinin dini maarif səviyyəsinin qənaətbəxş
olmadığını söyləmişdi.