Təhsil nazirliyi Ramiz Mehdiyevin iradına münasibət bildirdi

31 Yanvar 2013 16:25 (UTC+04:00)
Təhsil nazirliyi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevin ikinci təhsilin təşkili ilə bağlı səsləndirdiyi irada münasibət bildirib. Nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov Movqe.az-a açıqlamasında ikinci təhsillə bağlı məsələni universitetlərin tənzimlədiyini söyləyib. Onun sözlərinə görə, ikinci ali təhsil iki formada aparılır: "İkinci təhsil almaq istəyənlərin bir qismi Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin vasitəsilə ikinci ali təhsil almaq şansına nail olurlar. İkinci yolu isə ali məktəblərdən keçir. İkinci ali təhsil almaq istəyən şəxs ali məktəblərlə müqavulə bağlayıb yuxarı kurslarda təhsilini davam etdirir".
N. İbrahimovun sözlərinə görə, bu zaman ikinci ali təhsil almaq istəyən şəxs yenidən imtahan olunmur: " Onun sənədləri yoxlanılır, ixtisasının uyğun gəldiyi fakultədə ikinci ali təhsilini davam etdirir".
Baş məsləhətçi ikinci ali təhsildə nöqsanların aradan qaldırılması işinin birbaşa Təhsil nazirliyinin səlahiyyətində olmadığını söylədi: "Nazirlik ancaq sənədlər qaydasında olmazsa yoxlama apara bilər. Adi halda isə bu Nazirlər Kabinetinin sənədidir, ali məktəblər icra edir. Biz nə edə bilərik ki?".
Qeyd edək ki, dünən R. Mehdiyev başqa universitetlərdən olan tələbə köçürmələri və təkrar ali (ikinci) təhsilin təşkili ilə bağlı məsələlər üzrə də ciddi iradlar səsləndirmişdi.