Azərbaycanın təyyarə məsələsində mövqeyi qətidir

31 Yanvar 2013 17:00 (UTC+04:00)

Eldar Sabiroğlu: "Xankəndiyə qeyri-qanuni uçuşlar həyata keçiriləcəyi təqdirdə, Azərbaycan tərəfi lazımi ölçülər götürəcək"



Məlumdur ki, Ermənistanda səfərdə olarkən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja ironiya, tərəfli bir çıxış etdi. O, Azərbaycan tərəfinin "Azərbaycanın hava məkanını pozan mülki təyyarələri vuracaq" bəyanatını ciddi qəbul etməyib.

Deyir ki, o, Azərbaycanı sivil ölkə kimi tanıyır: "Sözsüz ki, mülki təyyarələrin vurulması halları olub. Amma həmin vaxt beynəlxalq ictimaiyyətinin reaksiyasının necə olduğunu unutmaq lazım deyil. Düşünmürəm ki, bu gün hansısa dövlət belə addım atsın. Ona görə də belə bəyanatları ciddi qəbul etmirəm". Təbii ki, Azərbaycan tərəfi nə öz qərarını, nə də Nikolay Bordyujanın bəyanatını zarafat kimi qəbul etmir. Öz qərarının qəti, Nikolay Bordyujanın mətnini isə təzyiq kimi qiymətləndirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirir ki, Bordyujanın belə çıxışı onun ermənipərəst mövqeyini bir daha təsdiq edir: "Onlar həm Ermənistana dəstək verir, həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. Bir dövlətin ərazisinə qanunsuz uçuşu qadağan edən beynəlxalq konvensiyalar var. Biz zarafat etmirik. Xankəndiyə qeyri-qanuni uçuşlar həyata keçiriləcəyi təqdirdə, Azərbaycan tərəfi lazımi ölçülər götürəcək".

Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Nikolay Bordyuja belə çıxışı Azərbaycanın daxili işinə qarışmaqdır: "Nazirlər Kabinetinin qərarı Azərbaycan dövlətinə məxsus bir məsələdir. Buna hansısa başqa dövlətin müdaxilə etməsi yolverilməzdir. Çünki, bu, ölkə daxili ilə bağlı bir məsələdir. Əslində Nikolay Bordyuja Azərbaycanın qərarına ironiya ilə yox, təhqiramiz yanaşıb. Həm də hədələyici mətnlə çıxış edib ki, "onların taleyi necə olacaq". Bu, artıq birmənalı şəkildə Azərbaycanı işğal etmək olan yeni hədədir. Eyni zamanda artıq Rusiya bir neçə cəbhədə bu addımları atıb. Təcili olaraq RATİ - nin üzvü olan Ramazan Əbdülətipovun Dağıstan prezidenti seçilməsi, İsmayıllının İvanovkasındakı rusların etiraz etməsi, buna rus politoloqlarının təcili münasibət bildirməsi və bu azmış kimi Bordyujanın təhdidi arxasında birmənalı şəkildə Azərbaycanın yeni işğal planı durur. Bu işğal planında da ən təhlükəlisi Azərbaycanın qəbul etdiyi qərarın icrasının həyata keçirilməsi olacaq. Yəni, Azərbaycan dövlət imicini qorumaq üçün hava məkanına icazəsiz daxil olan təyyarəni vuracaq. Təyyarəni vurmaqla da Ermənistanın hüquqlarını qorumaq adı ilə müdaxilə ola bilər. Məsələ ondadır ki, KTMT müqaviləsinin 3-cü maddəsinə görə, bu, sərhədyanı təhlükəsizliklə bağlı qurumdur. Orada qeyri - qanuni narkotika, silah alveri, beynəlxalq terrorizm məsələləri ilə bağlı birgə fəaliyyətlə əlaqədardır. Amma onun 7- ci maddəsində dövlətlərin sərhədi pozularsa, ona müdaxilə məsələsi var. Burada bir faktor da var. İndiyə qədər hansısa dövlətin təyyarəsi hansısa tanınmayan əraziyə uçması problemi baş verməyib. Bu, yeni bir presedentdir. Ruslar bundan yararlanmağa çalışacaqlar. Baxmayaraq ki, digər tanınmayan və ya hamının tanımaq istəmədiyi beynəlxalq dövlət qurumları da var. Onlardan fərqli olaraq Dağlıq Qarabağı heç kəs tanımasa da mülki təyyarə Ermənistan aviasiyasına məxsus olduğuna görə ondan yararlanmağa çalışacaqlar. Burada beynəlxalq hüquqda olan boşluqdan istifadə edə bilərlər. Amma qorxulusu odur ki, bunun Azərbaycana çox ciddi ziyanı dəyə bilər. Yəni, açıq mətnlə Azərbaycanı təhdid edirlər. Bu faktdır. Ona görə də Azərbaycanın Nazirlər Kabineti Xarici İşlər Nazirliyinin xətti ilə bəyanatla çıxış etməli, BMT-yə bildirməlidirlər. Çünki, BMT nizamnaməsinə görə, əsas 10 prinsipdən biri daxili işlərə qarışmamaqdır".

Digər siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, ilk öncə Bordyuja KTMT-nın baş katibidir: "İkincisi də Rusiyanın nümayəndəsidir. Rusiya Azərbaycan tərəfinin təyyarələri vurmasında maraqlı olmasa da, mülki təyyarələrin aeroporta düşməsində maraqlıdır. Təbii ki, beynəlxalq hüquq Azərbaycanın mövqeyini müdafiə edir. Xocalı bizim ölkənin ərazisi olduğundan bu hava məkanı da daxili sərhədlərimizə aiddir. Bu, belə də tanınıb, amma indiki şəraitin ölkəmizin xeyrinə olmaması məsələsi də var. Odur ki, Ermənistan Rusiyaya arxayın olaraq, bu işi görəcək. Ümumiyyətlə, Rusiya və Ermənistanın sərgilədiyi mövqe etik diplomatiyaya təhqirdir. Açıq-aşkar güc tətbiq etməmək prinsipini pozur. Lakin Azərbaycan artıq bəyanatlarla mövqeyini ifadə edib. Buna görə də onlar bizi diversiya ilə razılaşmağa məcbur etmək istəyirlər. Təbi ki, razılaşmaq lazım deyil".

Xatırladaq ki, 20 illik fasilədən sonra erməni tərəfi Xocalı aeroportunu bərpa etmək və ora təyyarə reysləri həyata keçirmək qərarına gəlib. Azərbaycan Nazirlər Kabineti isə "Mülkü aviasiya haqqında" qanunun icrası ilə bağlı Ermənistan tərəfindən qaldırılacaq ixtiyari tipli təyyarələrin vurulacağı qərarını qəbul edib.