Yeni kəbin blankları sifariş verilib EKSKLÜZİV
31 Yanvar 2013 17:15 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yeni ailə quranların kəbinin
kəsilməsi üçün yeni blanklar sifariş verib. QMİ-nin xarici
əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Movqe.az-a açıqlamasında
bildirib ki, bu blanklar azyaşlıların rəsmi nikah olmadan molla
kəbini ilə evlənməsinin qarşısını alacaq: "Bəzən irad
səsləndirirlər ki, mollalar rəsmi nikah olmadan kəbin kəsirlər.
Qeyd edim ki, QMİ-nin əməkdaşı sayılan din xadimləri belə hallara
yol vermirlər. İdarənin bununla bağlı fətvası var ki, nikah olmadan
kəbin kəsilməsin. Bizim əməkdaşlarımız da bu tələbə əməl edirlər.
Amma yaxın vaxtlarda belə arzuolunmaz hallar varsa, qarşısı
tam olaraq alınacaq. QMİ kəbin kəsilməsi üçün yeni blanklar sifariş
verib. Bu blanklarda yeni ailə quranların nikah nömrəsinin
qeyd edilməsi üçün yer göstəriləcək. Kəbini kəsən din xadimi həmin
yerə nikahın qeydə alındığı nömrəni qeyd edəcək. Bu isə onu
təsdiqləyir ki, ailə quran gənclər rəsmi nikaha daxil olublar".
M. Payızovun sözlərinə görə, bu blanklar nikahını toy günü, şadlıq
evində qıyanlara da problem yaratmayacaq: "Əgər belə olarsa,evlənən
cütlük Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı
idarəsindən nikahın qeydə alınması seriyasını təsdiqləyəcək sənədi
din xadiminə təqdim etməlidir ki, kəbini kəsdirsin".