RGEM-i sahə müvəkillərini günahkar görür
1 Fevral 2013 13:59 (UTC+04:00)
"Paytaxt küçələrində balıq satışının aparılmasına yerli rayon
Gigiyena və epidemiologiya mərkəzləri tərəfindən icazə verilməyib.
Kücə ticarətinin qarşısını almaq yerli rayon GEM-lərindən daha çox,
ərazinin sahə müvəkillərinin üzərinə düşür".
Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma bölməsinin rəhbəri İmran
Abdullayev söyləyib. Onun sözlərinə görə, rayon GEM-ləri küçədə ət,
balıq və sair məhsulların satışı üçün heç bir razılıq sənədi
vermir: " Belə halda heç bir icazə sənədi olmayan küçə
ticarətçilərinin fəaliyyət göstərməsinə sahə müvəkkilləri əngəl
törədə bilərlər. Çox təəssüf ki, bəzən sahə müvəkkilləri də onların
fəaliyyətinə göz yumurlar. Balıq məhsulunun satışı,
saxlanılması müvafiq şərait tələb etdiyindən, o məhsulun küçədə,
dayanacaqlarda satışı qəti yolverilməzdir. Buna görə də, alıçılar
da diqqətli olmalı küçədə satılan məhsullardan alıb istifadə
etməməlidirlər ki,küçə ticarətinə təlabat azalsın".
İ. Abdullayev Azərbaycanda küçə ticarətinin qarşısı alınmaz bəlaya
çevrildiyini söyləsə də, qonşu ölkələrdə küçə ticarətinə qarşı
mübarizənin çox effektiv nəticə verdiyini söyləyir: "Qonşu
Türkiyədə bu işə bələdiyyələr baxır. Bələdiyyənin əməkdaşları
icazəsiz satışa görə, məhsulu sahibi qarışıq ərazidən
uzaqlaşdırırlar. Bizdə də bu səlahiyyət konkret bir qurumun üzərinə
qoyulmalıdır ki, problem həll olunsun".
Xatırladaq ki, hələ 2010-cu il iyun ayının 1-də paytaxtda kücə
ticarətinin qarşısının alınması istiqamətində təxirəsalınmaz
və kəsərli tədbirlərin həyata keçirilməsi məqsədilə BŞBPİ-də xüsusi
tədbirlər planı təsdiq edilib. Həmin planın üstündən üç
ildən çox vaxt keçsə də, BŞBPİ-inin İctimai Təhlükəsizlik İdarəsi
üzərinə düşən vəzifənin öhdəsindın lazımınca gələ bilməyib.