122 nəfər 9-11-ci sinif şagirdinin oxuyub yaza bilmədiyi üzə çıxıb
1 Fevral 2013 17:18 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış
imtahanlarının nəticələrini təhlil edərkən 9-cu və 11-ci siniflərin
şagirdləri arasında nəinki minimal tədris proqramını
mənimsəməyənlərin, hətta oxumaq və yazmağı bacarmayanların olduğunu
aşkarlayıb. TQDK-dan Movqe.az-a verilən xəbərə görə, 11-ci sinif
şagirdləri arasında 8, 9-cu sinif şagirdləri arasında isə 122 nəfər
oxumaq-yazmaq bilməyənlərin olduğu müəyyənləşib: "Bu statistika
imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür
faktların bir çox imtahan rəhbərlərinin protokollarında qeyd
olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində
daha çox olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik
və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib
çatması bizim üçün müəmmalı olaraq qalır. Bu cür şagirdlərin böyük
əksəriyyəti cənub zonasındadır. 11-ci siniflər üzrə oxumağı və
yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı
belədir: Cəlilabad – 4 nəfər, Bakı şəhəri, Füzuli, İmişli və Salyan
rayonlarının hərəsində 1 nəfər. 9-cu siniflər üzrə isə oxumağı və
yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad – 34 nəfər,
Masallı – 18 nəfər, Sabirabad – 15 nəfər, Tovuz – 8 nəfər, Şəmkir –
6 nəfər, Biləsuvar, Lerik və Tərtər rayonlarının hərəsində 4 nəfər,
Astara, Beyləqan, Goranboy və İmişli rayonlarının hərəsində 3
nəfər, Ağdaş, Saatlı və Salyan rayonlarının hərəsində 2 nəfər,
Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Hacıqabul, Lənkəran,
Qazax, Qəbələ, Siyəzən və Ucar rayonlarının hərəsində 1 nəfər".
TQDK-dan bildirilib ki, buraxılış imtahanlarında şagirdlərə ana
dili və riyaziyyat fənləri üzrə test tapşırıqları ilə yanaşı, yazı
işi üçün mövzular da təqdim edilib: "Çox təəssüfləndirici haldır
ki, yazı işləri yoxlanılan şagirdlərin bir çoxu, yəni 9-cu siniflər
üzrə şagirdlərin 45.0 faizi, 11-ci siniflər üzrə 47.8 faizi ya
ümumiyyətlə yazı işini yerinə yetirməkdən imtina edib, ya da yazı
işindən qeyri-kafi qiymət alıb. Yazı işini yerinə yetirənlərin çox
cüzi bir hissəsi, 9-cu siniflər üzrə 1.2 faiz, 11-ci siniflər üzrə
1.6 faiz yazı işindən "əla" qiymət alıb. Bu fakt ümumilikdə
şagirdlərdə söz ehtiyatının çox kasad və öz fikrini ifadə etmək
qabiliyyətinin çox aşağı səviyyədə olduğunu göstərir".