Baş pediatrdan valideynlərə xəbərdarlıq!

1 Mart 2017 14:10 (UTC+04:00)

“Uşaqların sağlamlığının qorunmasına, o cümlədən onların dispanserizasiyadan keçirilməsinə diqqət göstərilməsi əsas məsələlərdən biridir". Movqe.az-ın xəbərinə görə, bu sözləri bu gün Ümumdünya İmmunitet Gününə həsr olunmuş “dəyirmi masada” K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev söyləyib. 1 mart – Ümumdünya İmmunitet günü ilə əlaqədar təşkil olunan tədbirdə çıxış edən baş pediatr 2013-cü ildə qəbul edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrdən danışarkən deyib: “Həmin proqrama uyğun olaraq körpə doğulandan 1 yaşına qədər ayda iki, 2 yaşına qədər rübdə bir, 2-3 yaşlarında altı aydan bir, 3 yaşından sonra ən azı ildə bir dəfə kompleks müayinələrdən keçirilməlidir. Bu, dövlətin uşaq sağlamlığına göstərdiyi qayğının ifadəsidir.”

N. Quliyev hazırda ölkə sakinlərinin 2,8 milyondan çoxunu 18 yaşına qədər olan uşaqlar təşkil etdiyini və onların sağlamlığının etibarlı şəkildə qorunduğunu söyləyərək aparılan müayinələrin başlıca məqsədinin xəstəlikləri erkən aşkara çıxarılması, uşaqların normal fiziki inkişafı və vaxtında profilaktik, diaqnostik və müalicə-sağlamlıq tədbirlərinin görülməsidir. Baş pediatr aparılan dispanserizasiya nəticəsində ən çox qurd invaziyaları və tənəffüs xəstəliklərinə təsadüf edildiyini də dedi. Professor N. Quliyev bəzi valideynlərin vaksinasiya aparılmasına biganə münasibətindən danışarkən isı bunları deyib: “Kaş hər bir ailə dövlətin göstərdiyi qədər uşaqlara qayğı göstərəydi. Bəzi ailələrdə uşaqların hüquqları valideynlər tərəfindən pozulur. Elə ailələr də var ki, uşaqlar özbaşına böyüyür. Valideynin savadı yoxdur, kiminsə sözü ilə uşağını peyvənd elətdirmir.  2013-cü ilin aprelində Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təlimatda göstərilib ki, əgər valideyn uşağını tibbi müayinədən, peyvənd etdirməkdən imtina edərsə, ondan yazılı izahat alınmalıdır: “Əgər uşaq peyvənd olunmursa, o həm özü, həm ətrafdakı uşaqları risk altında qoymuş olur”.

Zülfiyyə QULUYEVA