Əmlak Məsələləri Dövlət Komitəsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin əhalisinə məxsus əmlakların dövlət reyestrində qeydiyyatı, sakinlərin mülkiyyət hüquqlarının tanınması işini həyata keçirməkdədir.
Komitədən Movqe.az-a verilən məlumata görə, ilkin mərhələdə Cocuq Mərcanlı kəndi üzrə 23 avqust 1993-cü il tarixə sakinlərə məxsus fərdi yaşayış evləri və torpaq sahələrinin müəyyən edilməsi, həmin evlərin texniki inventarlaşdırılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Belə ki, görülən işlər nəticəsində 166 ailənin adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın qeydiyyatının aparılması üçün ilkin hüquq müəyyənedici sənədlər əldə edilib. Artıq bu ailələrə məxsus yaşayış evlərinin hamısı qeydiyyata alınaraq dövlət reyestrindən 166 çıxarış hazırlanıb. Eyni zamanda dövlət arxivindən 187 ailənin hər birinin adına torpaq sahəsi və fərdi yaşayış evləri olması barədə Arxiv arayıcı alınıb.
Bütün bu tədbirlərlə yanaşı, kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və torpaq sahələrində texniki ölçmə və kadastr işlərinin aparılması və texniki pasportların tərtibi üzrə də işlər görülür. Vətəndaşlara məxsus əmlakların texniki pasportların hazırlanması məqsədi ilə 34 fərdi evin çöl ölçmə işləri aparılmış və texniki pasportların hazırlanmasına başlanılıb. Komitənin bu istiqamətdə digər mühüm addımı bu ərazilərdə yerləşən bütün daşınmaz əmlakların kütləvi və fərdi qiymətləndirilməsi işini həyata keçirməsidir. Belə ki, bu əmlakların qiymətləndirilməsindən sonra real dəyəri müəyyən olunacaq.