Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb

7 Mart 2017 12:11 (UTC+04:00)

Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb.
 
Movqe.az-ın APA-ya istinadən  verdiyi məlumata görə, petisiyanın müəllifi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovdur. 

O. Kuznetsov petisiyanın Rusiya Dövlət Dumasına və Federasiya Şurasına göndəriləcəyini bildirib. 
 
Petisiyada Xocalı soyqırımının törədilməsi haqqında əmrin Ermənistanın indiki prezidenti, həmin vaxt Dağlıq Qarabağda bütün qanunsuz silahlı birləşmələrin qərargah rəisi və separatçıların “özünümüdafiə qüvvələri”nin komitə sədri olmuş Serj Sarkisyan tərəfindən verildiyi qeyd olunub. 
 
Sənəddə bildirilir ki, Meksika, Türkiyə, Kolumbiya, Qvatemala, Peru, İordaniya, Honduras, Cibuti parlamentləri Xocalıda azərbaycanlılara qarşı erməni transmilli terroru tərəfindən soyqırım törədildiyini tanıyıb: “Pakistan, Sudan, İsrail, Çexiya, eləcə də İslam Konfransı Parlament Assambleyası Xocalı hadisəsini insanlığa qarşı cinayət kimi tanıyıb. Rusiya Dövlət Dumasının deputatlarını öz xarici həmkarlarından nümunə götürməyə, erməni terrorçularının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı, bəşəriyyətə qarşı cinayəti tanımağa çağırırq”.