Ucqar kəndlərə elektrik enerjisi niyə fasilələrlə verilir?

4 Fevral 2013 17:08 (UTC+04:00)
Havalar soyandan respublikanın əksər dağlıq ərazilərində yerləşən ucqar kəndlərə elektrik enerjisi fasilələrlə verilir. Şəki rayonunun Daşbulaq, Baş Zəyzid, Kiş,  Baş Küngüt  kəndlərinin sakinlərinin Movqe.az-a verdikləri məlumata görə, artıq onlar elektrik enerjisinin verilişində yaranan fasilələrə bir növ adətkar olublar: "Biz qış fəsli girəndən ağ neft ehtiyatımızı alıb qoymuşuq. Çünki elektrik enerjisinə güvənməli deyil. Bizim kənddə  demək olar ki, hər gün səhər saat 8-dən  günorta saat 12:00-a dək, axşam ssat 20:-dən gecə saat 12:00-a dək işıqlar sönür. Nə vaxt soruşsan aidiyyatı qurumlar "yüklənmə nəticəsində açılmalar olub" cavabını verirlər".
Qeyd edək ki, ucqar dağ kəndlərində elektrik enerjisinin fasilələrlə verilməsi adi hala çevrilib. "Azərenerji"  ASC-nin mətbuat xidmətindən isə, bildirdilər ki, ucqar dağ kəndlərində yaranmış fasilələr xətlərin təmiri ilə əlaqədardır: "Qurumdan qışda dağlıq kəndlərdə mavi yanacaq olmadığından, elektrik enerjisindən istifadəyə daha çox üstünlük verildiyini, bunun isə yüklənmələr nəticəsində xətlərdə qəza açılmalara gətirib çıxardığını söylədilər. "Azərenerji" ASC-nin  mətbuat xidmətindən verilən məlumata görə,  belə hallarda təmir işləri ilə bağlı fasilələr yaranır ki, təmir başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa edilir. Sakinlər isə elektrik enerjisinin fasilələrlə verilməsinin səbəbini belə izah edirlər: "Bizə əraziyə baxan elektrik mühəndisi deyir ki, dağlıq ərazilərə elektrik enerjisini ötürən xətlər və transformatorlar köhnədir. Qışda yüklənmələr çox olduğundan rayon enerji satış idarələri məcburiyyət qarşısında elektrik enerjisinin verilişində fasilələr yaradır ki, xətlər və transformatorlar sıradan çıxmasın"."Azərenerji" ASC –dən isə xətlərin və transformatorların köhnə olduğunu təsdiqləsələr də, elektrik enerjisinin verilişində bu səbəbdən fasilələrin yaranması ilə bağlı deyilənləri təksizb etdilər. Bildirdilər ki, ancaq qəza baş verən zamanı təmirlə əlaqəli fasilələr yarana bilər. Amma sakinlər hər gün eyni vaxtda, fasilələrin yaranmasının təmirlə əlaqəli olmasının inandırıcı olmadığını söyləyirlər.