Gecə başınıza bu gəlsə, deməli bütün arzularınız HƏYATA KEÇƏCƏK

7 Mart 2017 12:47 (UTC+04:00)

Bu gün dünyanın yaranmasında iştirak edən dörd ünsürdən biri olan “Yel (külək, hava) çərşənbəsi”dir. İnanclara görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.
Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır.
Movqe.az xəbər verir ki, AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi Əpoş Vəliyev Publika.az-a bildirir ki, yel çərşənbəsi yelin təzəcə çıxmış otları, ağaclardakı tumurcuqları, təbiəti oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır: “Türk mifoloji təsəvvüründə “Yel baba” dörd cür libas geyinir: ağ, qara, göy və qırmızı. Qara yel Qərbdən, Ağ yel Şərqdən əsir. Xəzri göy libasda, gilavar isə qırmızı libasda görünür. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə istiqamət dəyişməsi, isti və ya soyuq olması, əslində, onun özünün - küləyin - havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir”.
Yel çərşənbəsi günü həyətlərdə tonqallar qalanır, evlərdə plov (aş), südlü plov, lobyalı aş, bulğur aşı və s. bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnama görə, yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.
Ə.Vəliyev deyir ki, “Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır: “Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və s. var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqəti çəkir. Yel Azərbaycan mifik təfəkküründə həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı obrazında peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır...”.
Folklorşünasın sözlərinə görə, bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrabanın yada salınması günü kimi də qeyd edilir: “Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov (aş), halva və s. olur. Ehsan qohum-əqrabalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzirək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır.
Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Küləyin xalqımızın üzərindən hüznlü, qəmli günləri uzaqlara aparması, xoş günləri, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyilə Yel çərşənbəniz mübarək olsun!"