"Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti var və bu fəaliyyətlərdən biri də Milli Məclisin deputatı olmasıdır. Mehriban xanım Əliyeva daim parlament mədəniyyətinin inkişafına önəm verib, qanunvericilik bazasının inkişafında iştirak edib".
Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün parlamentin plenar iclasında deyib.
O.Əsədov bildirib: "Mehriban Əliyeva 12 ilə yaxın bir müddətdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, xalqımıza, dövlətimizə xidmət edib. Xanım Mehriban Əliyeva bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Eləcə də 4 amnistiya aktının müəllifidir. Hər amnistiya aktı on min məhbusa şamil olunurdu. Həm amnistiyaya düşmüş insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanım Əliyevanın nə qədər insana, ailəyə sevinc bəxş etdiyini görmək mümkündür.
Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü olub. Beləliklə, Mehriban xanım Əliyeva Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Bu partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir.
Mehriban Əliyevanın geniş xeyriyyəçilik fəaliyyəti hər kəsə məlumdur. Mehriban xanım Əliyeva həm də Heydər Əliyev Fondunun prezidentidir. Dara düşən, yardıma ehtiyacı olan insanlar bir çox hallarda Mehriban Əliyevaya üz tuturlar. O da həmişə insanların harayına çatır, onlara hayan durur. Buna görə də Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir. Mən əminəm ki, o, yeni vəzifəsində də millətimizin, xalqımızın vəkili olaraq qalacaq. Biz əminik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bizim üçün ikiqat fərəhlidir ki, bu məsul dövlət vəzifəsinə bizim həmkarımız Mehriban Əliyeva məsləhət bilinib. Bu qərarına görə möhtərəm Prezident İlham Əliyevə Milli Məclis adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, bu vəzifəsində də Mehriban xanım Əliyeva hər zaman olduğu kimi xalqına, dövlətinə xidmət edəcək".