Son günlər ölkədə quş, mal və qoyun ətinin qiymətində bahalaşma müşahidə edilir. İqtisadçılar indiki qiymət artımını xüsusi ilə bayram günlərinin yaxınlaşması ilə əlaqələndirirlər. Rəsmilər isə fərqli düşünür. Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev movqe.az-a açıqlamasında bazarda quş və mal ətinin qiymətinin stabil qaldığını bildirdi: “Quş əti ilə bağlı Quşçular Cəmiyyətinə müraciət etmək lazımdır. Mal ətinin qiymətində isə hazırda artım müşahidə edilmir. Kənd təsərrüfatı satış yarmakalarında mal ətinin qiyməti 6.5 manat, ümumi bazarlarda isə 10-12 manatdır”.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirdi ki, biz istehsalçıyıq: “Bizdə ətin qiymətində artım yoxdur. Quş ətinin qiymətini bazarda süni şəkildə artırırlar. Adətən müsəlman dövlətlərində bayram ərəfəsində qiymətlərdə ucuzlaşma qeydə alınır. Amma bizdə isə fərqlidir. Bayram günlərinin yaxınlaşması ilə əlaqədar qiymətləri artıblar. Quşçularda Cəmiyyətində ən pis halda 5-10 qəpik bahalaşma ola bilər. Halbu ki, bazarda 1.5 manat bahalaşma var”.
Mübariz BAYRAMOV