Dünya yeni iqtisadi böhran astanasında

10 Mart 2017 09:40 (UTC+04:00)

İddialar səslənir ki, 2018-ci ilin ilk rübündən etibarən dünyanın qlobal maliyyə böhranının ikinci dalğası ilə üzləşməsi ehtimalı çox yüksəkdir. İqtisadçı-ekspert Natiq Cəfərli də bu cür ehtimalın yüksək olduğunu düşünür: “Ancaq əgər böhran baş verəcəksə, ABŞ tərəfindən başlamayacaq. 2008-ci il böhranı məhz ABŞ tərəfindən başlamışdı. Bu dəfə isə ABŞ-da maliyyə durumu, iqtisadi artım tempi daha yaxşı vəziyətdədir. Ancaq iki önəmli iqtisadi mərkəzdə təhlükələrin olma ehtimalı var. 

İlk növbədə Avropa Birliyində siyasi risklərin artması ilə əlaqədar iqtisadi münasibətlərin də gərginləşməsi baş verə bilər. İtaliyanın borcu ciddi şəkildə artıb. Fransada da maliyyə durumunun yaxşı olmadığı görünür. Fransada seçkilərdə sağçılar qalib gələcəksə, daha ciddi proseslərin olması ehtimalı var. Eyni zamanda Çində maliyyə piramidalarının yaranma ehtimalı yüksəkdir. Həmçinin piramida dağıla bilər. Ölkə rəhbərliyinin son toplantısında Çin iqtisadiyyatının böyümə tempinin aşağı düşəcəyi ilə bağlı özləri proqnoz verdilır. İlk dəfə idi, belə səmimi açıqlama verirdilər. Yəni iki böyük mərkəzdə - Avropa və Çində proseslərin gələcəkdə neqativ istiqamətə getmə ehtimalı var. İki maliyyə mərkəzində yaşanacaq bu proseslər 2018-ci ildə iqtisadiyyatda yeni böhran dalğalarının olma ehtimalını artırır”.
Digər iqtisadçı ekspert Cavid Əzimov bildirdi ki, 2014-cü ildə ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa başlayacağını açıqlaması, bunun nəticəsində neft qiymətlərinin kəskin düşməsi, dollara tələbatın artması və onun möhkəmlənməyə başlaması qlobal maliyyə böhranının ilk dalğasının yaranmasına gətirib çıxarıb: “2018-ci ilin ilk rübündən etibarən dünyanın qlobal maliyyə böhranının ikinci dalğası ilə üzləşməsi ehtimalı çox yüksəkdir. 2008-2009-cu illər böhranından fərqli olaraq bu dəfə maliyyə aktivlərinin qiyməti uzunmüddətli olaraq aşağı səviyyədə qalıb. O zaman neftin qiyməti 36 dollar qədər geriləsə də, qısa müddətdə yenidən 120 dollar səviyyəsinə yüksəlib. Həmin vaxt dolların məzənnəsi isə sabit qalmışdı, FES-in uçot dərəcəsini artırması barədə niyyətindən söz getmirdi. Çünki ABŞ-ın bank sistemində problemlər yaranmışdı, bu ölkənin iqtisadi göstəriciləri pozitiv deyildi. Hazırda isə ABŞ iqtisadiyyatı inkişaf edir, işsizlik azalır, istehlakçı inamı yüksəlir. FED-in uçot dərəcəsini artırması üçün kifayət qədər münbit şərait yaranıb”.
Ekspert əlavə etdi ki, FES-in uçot dərəcəsini 2% səviyyəsinə qədər artıracağı təqdirdə dollar və əmtəə qiymətlərinin sabit qalacağını proqnozlaşdırır: “Dollar artıq 2014-cü ilin may ayında əsas rəqibi sayılan avro ilə müqayisədə 1,3993 səviyyəsindən 24% möhkəmlənmə göstərib. Eyni dövr ərzində neft qiymətləri 52% azalıb. Yəni FES-in 2%-ə qədər uçot dərəcəsini yüksəltməsi artıq qiymətlərdə öz əksini tapıb. 2018-ci ilin ilk rübünə qədər uçot dərəcəsi 1,75-2%-ə çatacaq, daha sonra isə proses sürətlənəcək. Bu da yenidən dolları möhkəmləndirərək avro ilə paritetdən aşağı salacağını, neft qiymətlərinin isə 30 dollar qədər düşəcəyini ehtimal edir”. 
Mübariz BAYRAMOV