Erməni müxalifəti Qarabağ məsələsində yeni yanaşma sərgiləyir

11 Mart 2017 10:00 (UTC+04:00)

 “Ermənistanda parlament seçkilərində iştirak edən demək olar ki, bütün partiyalar ərazilərin Azərbaycana qaytarılması mövqeyini dəstəkləyir”.Bu barədə erməni politoloq İqor Muradyan çıxış edib. Onun sözlərinə görə, seçkidə iştirak edənlər sözdə alternativ siyasətçilər hesab oluna bilərlər: “Lakin əksəriyəti, bəlkə də bütün hamısı ərazilərin Azərbaycana qaytarılması məsələsinə razıdır. Bu məsələ Rusiyanın Ermənistana tələbi kimi gündəmdədir. Siyasi partiyalar çox şey danışa, nələrsə vurğulaya bilər. Lakin Rusiyadan gələn göstəriş qəbul edilib və əslində, məsələnin gizlədilən tərəfi də budur”.

Muradyan qeyd edib ki, Cənubi Qafqazda Azərbaycan Rusiyanın tərəfdaşıdır: “Ermənistan isə daha çox idarə edilən dövlətə çevrilib. Rusiya “broker” kimi fəaliyyət göstərir, lakin faktiki olaraq, Azərbaycanın maraqlarını müdafiə edir. Buna görə də Azərbaycan Moskvanın strateji və siyasi tərəfdaşıdır, eləcə də Rusiyadan silah alıcısıdır”. 
Azərbaycan həyata keçirdiyi uğurlu diplomatik fəaliyyət nəticəsində həqiqətən də Moskva ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan sıx münasibətlər qurmağa nail olunub. Bundan başqa, Azərbaycan digər sahələrdə də işğalçı Ermənistandan irəlidədir. Belə ki, artıq ABŞ başda olmaqla Qərbdə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qüvvələrin sayı artır. Artıq Qərbdə də daha çox dərəcədə anlamağa başlayıblar ki, bölgədəki münaqişə ocağının beynəlxalq prinsiplərə söykənərək həll edilməməsi fonunda regionla bağlı iqtisadi və digər sahələrdə maraqlarını həyata keçirə bilməyəcəklər. Bu fonda da Rusiya və Qərbin bir sıra aparıcı dövlətləri getdikcə daha çox dərəcədə Azərbaycanın mövqelərini müdafiə etməyə başlayırlar. Eyni zamanda, Ermənistanın özündə son zamanlar  Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin sayı da artır. Bu xüsusda da Ermənistandakı bir sıra aparıcı müxalif partiyalar daha çox fəallıq nümayiş etdirirlər.
Politoloq Elşən Manafov bildirdi ki, Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılmasına tərəfdar olanların sayı artsa da, problemin həllində həlledici söz sahibi Rusiyadır: “Ermənistanda parlament seşkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyəti təhlil etsək, görərik ki, əslində, burada müxalifətlə hakimiyyət arasındakı münasibətlərdə bir klançılıq məsələsi var. Erməni müxalifətinin əksər hissəsi Ermənistan maraqlarından çıxış edir.  Ermənistanda uzun illərdir, hakimiyyətdə olan klan isə məhz Qarabağ dalğası fonunda hakimiyyətə gəlmiş siyasi zümrədir. Maraqlı məqam ondan ibarətdir ki, hazırkı hakim klaının hakimiyyət başına gəlməsi də hər halda Rusiya tərəfindən edilən maliyyə və siyasi dəstək şəraitində baş tutmuşdu. 
İndiki halda erməni müxalifəti Ermənistan seçicilərinin diqqətini cəlb etmək üçün daxili və xarici siyasət kursunun prioritet istiqamətlərinin dəyişdirilməsilə bağlı məsələlərdə ciddi güzəştə gedəcəklərini bəyan edirlər.  Azərbaycan isə Ermənistandan fərqli olaraq hər halda kifayət qədər müstəqil siyasət yeridən bir dövlətdir. Müstəqil siyasət yürüdən bir dövlətin siyasi kursunu tam mənada formalaşdırmaq isə Rusiyanın mövcudluğu şəraitində bir qədər müşküldür. Amma Azərbaycan buna baxmayaraq, onu da bacarır. Rusiya Cənubi Qafqazdakı Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya kimi münaqişələrlə bağlı idarə etdiyi vəziyyəti heç zaman əldən vermək istəməyəcək. Bu mənada Azərbaycanın Moskva ilə əməkdaşlığı cəlbedici və hər iki dövlət üçün nə qədər əhəmiyyətli olsa da, Ermənistanın indiki iqtidarı da forpost rolunda Kreml üçün cəlbedicidir. 
Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı açıqlamaların artmasına gəldikdə, düşünürəm ki, hər halda erməni müxalifəti də bu məsələdə torpaqların qeyri-şərtsiz ölkəmizə qaytarılacağı fikrindən çıxış etmir. Bu mənada erməni müxalifətilə indiki Sarkisyan hakimiyyətinin mövqeləri arasında bir oxşar mövqe də var. Sadəcə olaraq erməni müxalifəti Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı məsələdə Sarkisyan hakimiyyətindən fərqli olaraq paket deyil, mərhələli həllinin tərəfdarıdır. Erməni müxalifətinin məlum qanadının bu istəyi isə fikrimcə, Ermənistanı nəyin bahasına olursa-olsun Moskvanın təsir dairəsindən çıxartmaq istəyən ABŞ və Avropa Brliyinin maraqlarına söykənmək və məlum dairələrin dəstəyini almaq istəyindən irəli gəlir. Amma Rusiya tərəfinin iqtisadi, hərbi və siyasi asılılığında olan hazırkı Ermənistan iqtidarını sadəcə, seçicilərin istəyilə dəyişmək olduqca müşkül məsələdir. Qarabağ münaqişəsinin həllinə gəldikdə, bu istiqamətdə həlledici təsir vasitəsi hər halda Moskva olaraq qalır. ABŞ və Fransanın isə bu məsələdə aktiv fəaliyyət sərgilədiyini hələlik müşahidə etmirik. Keçənilki aprel əməliyyatlarından sonra tərəfləri atəşkəsə cəlb edən dövlət də Rusiya oldu. Çünki Moskvanın özü də status-kvonun qalmasında maraqlı deyil. Moskva isə özünün bəzi təkliflərinin Azərbaycan tərəfindən qəbul ediləcəyi təqdirdə fikrimcə, münaqişənin həlli məsələsində güzəştə gedəcək. Bu güzəştlər də əslində, Rusiya xarici işlər naziri Sergey Lavrovun “yol xəritəsi”ndə öz əksini tapıb. Düşünürəm ki, Rusiyanın bu məsələdə Azərbaycana güzəştə germəsi ancaq ölkəmizin Avrasiya İttifaqına, Gömrük İttifaqına qoşulması halında baş tuta bilər. Bu kimi məsələlərdə Bakının mövqeyi Kremli qane edərsə, təbii ki, Rusiya əvvəlcə 5 rayonun qaytarılması məsələsində İrəvana ciddi təsir göstərəcək. Danışıqların sonrakı raundunda da Dağlıq Qarabağın statusu ilə bağlı məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Görürük ki, Moskva təkcə Cənubi Qafqazda deyil, ümumiyyətlə postsovet məkanını heç kimə  güzəştə getmək niyyətində deyil. Rusiya Moldovadakı seçkilərlə göstərdi ki, artıq revanş götürür. Qərbin sanksiyalarına baxmayaraq, Rusiya Krım məsələsində  də güzəştə getmir. Bu kontekstdə Azərbaycan müstəqil siyasət yeridir. Moskvadan enerji və maliyyə asılılığımız yoxdur. Ermənistan isə forpost olaraq Rusiyanın Cənubi Qafqaz siyasətinin həyata keçirilməsi üçün lazım olan bufer dövlətdir. Rusiya təbii ki, belə bir bufer zonanı ona təqdim edən Sarkisyan iqtidarı ilə münasibətləri yeni bir müstəvi üzərinə gətirməkdə maraqlı deyil”. 
Rüfət NADİROĞLU