Rusiya Krım insan haqları təşkilatının üzvlərini saxlayıb

13 Mart 2017 19:30 (UTC+04:00)

Rusiyanın təhlükəsizlik orqanı FSB Krım İnsan Haqları Qrupunun (Crimean Human Rights Group) iki üzvünü, Olqa Skripnik və Vladimir Çekrıqini Rusiya tərəfindən ilhaq edilmiş Krım ilə Ukraynanın Xerson vilayətinin sərhədində saxlayıb. Ukraynanın insan haqları üzrə səlahiyyətli nümayəndəsi də saxlanılanlar arasındadır.

Hüquq müdafiəçilərinin məlumatına görə, onlar Krım adminstrasiyasının sərhədinə ona görə gəliblər ki, Ukrayna tərəfinin sərhəd məntəqələrinin fəaliyyətini yoxlasınlar. Sonra “bufer zonası”na keçən hüquq müdafiəçilərini Rusiya sərhədçiləri saxlayıb. Onlar Krımın Armyansk sərhəd keçid məntəqəsinə aparılıblar.

Rusiya və Ukrayna tərəfdən hadisə barədə rəsmi açıqlama verilməyib.

“Crimean Human Rights Group” hüquq-müdafiə təşkilatı 2015-ci ildə fəaliyyətə başlayıb. Təşkilatın fəaliyyət məqsədi Krımda insan haqları və azadlıqlarına riayət olunmasının monitorinqini aparmaqdır.