Mərkəzi Bankın məlumatına əsasən, bu il martın 1-nə pul bazası 6 milyard 987 milyon manat təşkil edib. Bu, 1 ay əvvəllə müqayisədə 344,7 milyon manat və ya 4,7% azalma deməkdir. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 873,5 milyon manat və yaxud 11,11% azdır. Pul bazasının azalması manata, onun xarici valyutalara nisbətən məzənnəsinə nə vəd edir?
Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, pul bazasının azalması fonunda milli valyuta xarici valyutalara nisbətən məzənnə baxımından möhkəmlənəcək: “Pul bazasının azalmasında əsas məqsəd manatın xarici valyutalara nisbətən məzənnəsinin qalxmasına və inflyasiyanın ikirəqəmli olmasının qarşısının alınmasına yönəlib. Əlbəttə ki, pul bazasının azalmasının qısa müddət üçün effekti var. Bu fonda dollar da manata nisbətən müəyyən qədər ucuzlaşır. Amma uzun zaman üçün pul bazasının azalmasının perspektivi yoxdur. Real sektorun inkişafına külli-miqdarda vəsait qoyulmalıdır. Bunun üçün də pul bazasının həcmi artmalıdır. Yəni, qısa müddət, iki-üç ay üçün pul bazasının azalması manatın möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Amma uzaq dövr üçün perspektivli deyil”.
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov da qeyd etdi ki, sözügedən fonda manat bahalaşacaq: “Dövriyyədə olan nağd pul kütləsi bir qayda olaraq ümumi daxili məhsulun həcmilə müəyyən olunur. Adətən. dövriyyədə ümumi daxili məhsulun təxminin 20-25 faiz həcmində pul kütləsi olur. Pul bazası hazırda 6 milyard 987 milyon manata düşübsə, bu, ilk növbədə o demədir ki, proses inflyasiyanın qarşısını almalıdır.
İkinci növbədə bu addım milli valyutanın bahalaşması demək olacaq. Yəni tələblə təklif nəzəriyyəsinə əsasən təklif az olanda tələb artır. Bu halda da təklif bahalaşır. Bu fonda milli valyutanın yaxın zamanlarda dollara nisbətən bir qədər də bahalaşacağının şahidi ola bilərik”.
Rüfət NADİROĞLU