Əli Həsənovun və Ramil Usubovun adına açılan facebook profilləri saxtadır
5 Fevral 2013 13:55 (UTC+04:00)
Son vaxtlar müxtəlif sosial şəbəkələrdə Azərbaycanın rəsmi
şəxslərinin adına saxta profillər yaradılıb. Bir neçə gün əvvəl
"Facebook" sosial şəbəkəsində Prezident Administrasiyası
ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun adına da saxta profil
açılıb. Ə. Həsənov mətbuata açıqlamasında həmin profilin ona məxsus
olmadığını bildirib. "Facebook" sosial şəbəkəsində profili
yaradılan şəxslərdən biri də Azərbaycanın daxili işlər naziri,
general polkovnik Ramil Usubovdur. Bu barədə APA-nın sorğusunu
cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi,
polis polkovniki Sadiq Gözəlov bu profillərin saxta olduğunu qeyd
edib: "Bir müddət əvvəl "Facebook" sosial şəbəkəsində daxili işlər
naziri, general-polkovnik Ramil Usubovun adından da iki saxta
profil yaradılıb və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar
yerləşdirilib. Doğrudur, onların hər ikisi uzun müddət ərzində
yenilənməsə də, bildiririk ki, həmin profillərin cənab nazirə heç
bir aidiyyəti yoxdur".
S. Gözəlov həmçinin vətəndaşların internet vasitəsi ilə nazir R.
Usubova müraciət etməyin yollarını da izah edib: "Bir daha diqqətə
çatdırırıq ki, respublikanın daxili işlər nazirinə birbaşa müraciət
olunması üçün rəsmi elektron əlaqə vasitəsi DİN-in internet
saytıdır. Bu məqsədlə nazirliyin veb saytına daxil olaraq,
"Vətəndaşların müraciətləri və qəbulu" bölməsinə keçid etmək
lazımdır".