Azərbaycan Avropanın enerji xəritəsini dəyişir

16 Mart 2017 07:00 (UTC+04:00)

Avropa İttifaqı ölkələrinin enerji daşıyıcılarına olan tələbatı ildən-ilə artır. Xüsusilə ittifaqın cənubunda yerləşən ölkələrin neft və qaza olan ehtiyacı böyükdür. İş burasındadır ki, Avropa dövlətlərinin dünyanın ən böyük neft-qaz ixracatçısı olan ölkələrdən biri, bəlkə də birincisi Rusiyadır. Lakin zaman-zaman geostrateji maraqlar baxımından Avropa İttifaqı  ilə Rusiya Federasiyası arasında siyasi qalmaqallar yaşanır. Qarşılıqlı tətbiq edilən sanksiyalarda bəzən enerji daşıyıcıları siyasəti hədəfə çevrilir, xammalın dəyərindən iqtisadi təsir mexanizmi kimi istifadə edilir. Bu halların önlənməsi üçün neft-qaz kəmərləri şəbəkəsinin şaxələndirilməsi məsələsi meydana gəlib. Bu mənada Avropaya ən yaxın olan mənbə kimi Azərbaycanın enerji ehtiyatlarından birgə istifadə təklifi meydana çıxıb. Amma 2009-cu ildən başlayan növbəti dünya iqtisadi böhranı bir neçə ölkənin bir yerə yığışıb hansısa iqtisadi layihəni işləyib həyata keçirməsinə imkan vermirdi. Çünki, kəmərlə daşınan məhsulun ixracında mütləq ölkələr iştirak etməlidir. Üstəlik, bunun üçün xeyli miqdarda investiya tələb olunur. 

Belə bir məqamda Azərbaycan rəhbərliyi siyasi uzaqgörənlik nümayiş etdirərək optimal iqtisadi layihə işləyib hazırladı və öz təşəbbüsü ilə «Transanadolu» (TANAP) qaz kəmərinin tikilməsi ideyasını irəli sürdü. İlk vaxtlar bu layihəyə şübhə ilə yanaşanlar da oldu. Lakin sonradan onun əhəmiyyəti mütəxəssislər və siyasətçilər tərəfindən yüksək qiymətləndirildi və bir sıra dövlətlər və şirkətlər layihəyə qoşulmaq arzusunu dilə gətirdi. Layihənin innovativ olması onun sonrakı taleyinə təsir göstərdi. TANAP-ın davamı olaraq «Transadriatik» boru kəməri (TAP) layihəsi meydana çıxdı. Bu gün TAP və TANAP layihələri uğurla icra olunur. Onların investisiya həcmi kifayət qədər tutumludur və «Cənub Qaz Dəhlizi» layihəsinin şah damarıdır.  
Bu günlərdə Fransada səfərdə olan Azərbaycan Prezidenti Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşüb və «Cənub Qaz Dəhlizi» haqda danışaraq görülən işlərdən Azərbaycanın rolunu göstərib: “Həyata keçirdiyimiz strateji layihələr arasında mən ikisini qeyd etmək istərdim. Birincisi, əlbəttə ki, «Cənub Qaz Dəhlizi»dir. Bu, hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur. Layihənin dəyəri 40 milyard dollara yaxındır. Bu, 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir. Avropa Komissiyası bu layihəyə güclü dəstək verir və Azərbaycan bu layihədə aparıcı rola malikdir. Bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Əlbəttə ki, bu layihənin həyata keçirilməsində bir çox şirkətlər iştirak edir. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsidir və bu, həqiqətən də XXI əsrin layihəsidir. Çünki layihənin həyata keçirilməsini təşkil etmək nə texniki, nə də maliyyə nöqteyi-nəzərindən asan məsələ deyildi. Bu layihə beynəlxalq maliyyə institutları, əsasən də Dünya Bankı tərəfindən dəstəklənir və mən şadam ki, Fransa bankları da bu layihənin həyata keçirilməsinin maliyyələşməsini təmin edir”.
Bütün bu faktlar göstərir ki, Azərbaycan artıq Avropa İttifaqının enerji təhlükəsizliyi sistemində əsas oyunçulardan birinə çevrilir. «Cənub Qaz Dəhlizi»nin işə düşməsi 2018-2019-cu illərə planlaşdırılıb. Bu, Avropa bazarlarında Azərbaycanın yerinin genişlənməsi üçün yeni və güclü stimuldur. Həm də düzgün istiqamətdə olan xarici iqtisadi siyasətin parlaq göstəricisidir.

N.NOVRUZ