Prezident İlham Əliyevin Parisdə “şah” gedişi

16 Mart 2017 08:00 (UTC+04:00)

Fransa Respublikasına rəsmi səfər edən Azərbaycan Prezidenti bu ölkənin dövlət başçısı, digər önəmli şəxsləri, qlobal əhəmiyyətli biznes qurumlarının təmsilçiləri ilə görüşlər keçirib. Siyasi və iqtisadi münasibətləri kifayət qədər yüksək olan bu iki ölkənin rəhbərləri arasında görüşlər tez-tez keçirilir. Çünki, əlaqələrin intensivliyi aparılan müzakirələrin tezliyini də şərtləndirir. 

Azərbaycanın ən böyük həll olunmamış problemi – 20% ərazisinin Ermənistan tərəfindən işğalının aradan qaldırılması uğrunda vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərindən birinin məhz Fransa olması da görüşlərdə tərəflərin məsuliyyətini artıran amillərdəndir. Məsələ burasındadır ki, Azərbaycandan bir neçə gün əvvəl düşmən ölkə prezidenti Serj Sarkisyan da Fransada olmuş və iş adamları, siyasi dairələrlə bir sıra görüşlər keçirmişdi. Və çıxışlarında öz xarakterinə uyğun olaraq xeyli basıb-bağlamışdı. Əslində, onun məqsədi xarici investorların gözündə “inkişaf edən Ermənistan” illüziyasını yaratmağa can atmaqla “cındırından cin hürkən” ölkəsinə investisiya cəlbinə nail almaq istəmişdi. Amma məsəl var, deyərlər, “yalan ayaq tutar, ancaq yeriməz”. Sarkisyanın da məhvə sürüklədiyi ölkəsinin iqtisadiyyatı barədə yalanları Fransada yeriyə bilməyib. Azərbaycan Prezidentinin fransız iş adamları ilə görüşündə maraqlı söhbət olub,  ibrətli ifadələr işlənib.
Prezident İlham Əliyev Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərkən qarşıya çıxan problemlərdən, onların aradan qaldırılması yollarından danışıb. Qeyd edib ki, keçilmiş yol heç də asan olmayıb: “Biz bu nəticələrə çox ağır bir şəraitdə nail olduq. Bu, humanitar fəlakət idi. Biz bütün beynəlxalq hüquq normalarını pozan Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarını işğal etməsi nəticəsində evlərini və əmlakını itirmiş yüz minlərlə qaçqın və məcburi köçkünü yerləşdirməli olduq. Beləliklə, bu təcavüz nəticəsində bir milyondan çox qaçqınımız və məcburi köçkünümüz var. Onların da qeydinə qalmaq üçün çoxlu pul tələb olunur. Biz əsasən bu insanların sosial müdafiəsinə sərmayə yatırdıq və ötən illərdə onların arasından iki yüz əlli min nəfərə yeni mənzillər və evlər verildi. Beləliklə, biz bütün müasir infrastruktur ilə təchiz olunmuş böyük şəhər miqyasında evlər tikdik”. 
Çıxışında Ermənistan hökumətinin və xaricdəki erməni lobbisinin təhriki ilə işğal edilmiş Azərbaycan torpaqlarında işləyən xarici, o cümlədən fransız şirkətlərinin fəaliyyətinin qanunsuz olduğunu əsaslandıran Prezident İlham Əliyev mühüm bir məsələyə də toxunub: “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sözümün yekununda, həmçinin bildirmək istərdim ki, bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar”.
Serj Sarkisyanın, necə deyərlər, belini qıran bu hücum xarakterli təhlil bütün cəbhə boyu gedən müharibənin siyasi qolunun əsas zərbəsi sayıla bilər. Bu zərbədən sonra çətin ki, Serjin tərəfdarları apreldə keçiriləcək parlament seçkilərində üstünlük qazana bilələr. Yəni, Ermənistanda hakim partiyanın süqutu başlayıb və hakimiyyət dəyişikliyinin olması labüddür. 

N.NOVRUZ