Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Movqe.az-ın məlumatına görə, müraciətdə tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə və diqqətə görə dövlət başçısına minnətdarlıq bildirilib: "Sizin tərəfinizdən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması olduqca əhəmiyyətli və zamanın tələblərinə cavab verən mühüm bir çağırışdır. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. O, xristianlıq və yəhudilik kimi səmavi dinlərin təşəkkülündə, eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Şərq və Qərbin birləşmə nöqtəsi sayılan Azərbaycan tarixi “İpək yolu” dəhlizi vasitəsilə təkcə iqtisadi tərəqqiyə deyil, dinlər və məzhəblər arası münasibətlərin inkişafına da əvəzsiz xidmətlər göstərib".
Müraciətdə qeyd olunub ki, Azərbaycan özünün xarici siyasətində Avropa və Qərb dövlətləri ilə əməkdaşlığa önəm verdiyi kimi, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının, İSECKO-nun, müsəlman ölkələrini təmsil edən digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub: "Siz Şərq və Qərbin iqtisadi və mədəni istiqamətlərini özündə birləşdirən bir sıra qlobal əhəmiyyətli forumların, İslam ölkələri mədəniyyət nazirləri ilə görüşlərin təşkilatçısı, məşhur Bakı prosesinin müəllifi kimi sivilizasiyalararası dialoqda Azərbaycanın aparıcı rolunu təsbit etmisiniz. Sizin təşəbbüsünüz ilə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması bir daha təsdiq edir ki, Azərbaycanda dini-mədəni və elmi potensialın inkişafındakı səy və xidmətləriniz son dərəcə yüksək təqdirə layiqdir".
Sənəddə vurğulanıb ki, bu gün müasir dünyada ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni və siyasi qarşıdurmalar, islamofobiya, antisemitizm, ksenofobiya halları, etnik-siyasi konfliktlər, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələr yaşanır: "Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, dövlət xadimlərinin və aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi ehtiyac vardır. Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə hər zaman təbliğ edilən və dünyaya multikulturalizmin nümunəsi kimi təqdim olunan Azərbaycan modeli dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verməkdədir. Bunun bariz təzahürü zamana etdiyiniz ən mükəmməl çağırış - bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərləri ilə həmrəyliyə dəvət etməyinizdir! Bu dəvətin məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər kontekstində geniş müzakirəyə çıxarmaqdır. 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması faktının özü zamanın tələblərinə cavab verən qlobal çağırışdır və biz hesab edirik ki, Sizin müdrik siyasətiniz yüksək alicənablıq və böyük uzaqgörənlik nümunəsidir".
“İslam həmrəyliyi - zamanın çağırışı” Beynəlxalq konfransının təşkilatçıları və iştirakçıları adından Sizə bir daha dərin minnətdarlığımızı bildirir, Azərbaycan dövlətinin rifahı naminə gördüyünüz işlərə xeyir-dualar diləyirik. Ümid edirik ki, "İslam Həmrəyliyi İli" elan edilən 2017-ci ildə dünyanın bütün münaqişə zonalarında, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq hüquqa söykənən ədalətli sülh bərqərar olacaq. Əminik ki, Azərbaycan Prezidentinin səyləri ilə İslam mədəniyyətinin təbliği və təşviqi, milli-mənəvi ənənələrin qorunması, İslam dininin mütərəqqi mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən misilsiz işlər parlaq bir nümunə kimi bütün dünyaya işıq salacaq", - müraciətdə bildirilib.