"Naxçıvan" adından qanunsuz istifadə etməklə istehsal olunmuş məhsullar aşkarlanıb - FOTO

16 Mart 2017 12:21 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında reallaşdırılan və uzunmüddətli dövrə hesablanmış sosial-iqtisadi siyasətin əsas hədəflərindən biri qida təhlükəsizliyinin təmin olunmasıdır. İqtisadi təhlillər, faktlar və açıq müşahidələr göstərir ki, həyata keçirilən islahatların səmərəli nəticəsi kimi qida təhlükəsizliyinin kompleks və çoxcəhətli təşviqi, ixracyönümlü və daxili bazarda idxalı əvəzləyən strateji ərzaq məhsullarının xüsusi çəkisinin artırılması istiqamətində ciddi uğurlar əldə edilib.

Qida istehsalı üzrə ixtisaslaşmış təsərrüfat subyektlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, bu sahədə texniki, innovasiya, logistika və marketinq dəstəyinin ardıcıl olaraq gücləndirilməsi, güzəştli kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi, orqanik məhsul istehsalının səmərəli təşviqi fonunda geni modifikasiya olunmuş məhsullardan istifadənin məhdudlaşdırılması, qida əlavələrindən, pestisidlərdən və emulqatorlardan istifadənin ciddi dövlət nəzarəti ilə əhatə olunması, son nəticədə, geniş ictimai rəydə xüsusi rəğbətə malik, ekoloji təmiz, insan sağlamlığı üçün faydalı və yüksəkkeyfiyyətli Naxçıvan məhsullarına özünəməxsus imic qazandırıb. Lakin bir sıra hallarda Naxçıvan məhsullarının yüksək imicinə xələl gətirə biləcək faktlara, saxtakarlıq hallarına rast gəlirik ki, bu da ciddi təəssüf doğurmaqla istehlakçıların yanıldılmasına səbəb olur.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib ki, komitə tərəfindən daxili bazarda müşahidələr aparılıb. Müəyyən olunub ki, Abşeron rayonu, Xırdalan şəhəri, İlham Cəfərov küçəsi, 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs S.G.Nabatov və Heydər Əliyev prospekti, 184A ünvanında fəaliyyət göstərən fiziki şəxs N.S.Əsgərov tərəfindən istehsal olunmuş 3 çeşiddə kolbasa məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan “Naxçıvan” adı ilə markalanıb. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kon­trafakt məhsullar hesab edilir. Belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.

Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başladılıb.