Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində narkotik, silah və insan alveri ilə məşğul olur: “Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu məsələyə baxışda ikili standartlar var. Ermənilər Azərbaycan ərazilərini işğal edib, tarixi abidələri məhv edib, təbii sərvətlərimizi istismar edir. Bunların hamısı beynəlxalq hüquq pozuntularıdır və Ermənistan buna görə məsuliyyət daşıyır”. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində narkotik, silah və insan alveri ilə məşğul olmasına nədən hələ də göz yumulur? Axı bu, dünyanın özü üçün də təhdiddir.
Heç kimə sirr deyil ki, Dağlıq Qarabağdakı separatçı rejim bir sıra qaranlıq, qeyri-qanuni mənbələrdən maliyyələşir. Belə mənbələr sırasında isə ilk yerləri məhz narkotik, insan və silah alveri tutur. Eyni zamanda bu ərazilər terror yuvalarına çevrilib. Müasir dövrdə Qərb dünyası və Rusiya terrorizmə qarşı ciddi mübarizəyə başladıqlarını bəyan edirlər. Amma maraqlıdır ki, onlar bir çox hallarda terrorçuları silahla təmin edən mənbələrə qarşı mübarizə aparmır, onların bu hərəkətinə göz yumurlar.
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində narkotika, silah və insan alverilə məşğul olmasına dünyanın göz yummasının kökündə aparıcı dövlətlərin həyata keçridiyi ikili standartlar siyasəti durur: “Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində narkotik, silah və insan alverilə məşğul olması təbii ki, təkcə ölkəmiz üçün deyil, bütün dünyaya real təhlükə mənbəyidir.
Hazırda Azərbaycan region və Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir, bu sahəyə öz töhfəsini verir. Azərbaycan həmçinin dünyaya sülh, humanizm, tolerantlıq, həmrəylik kimi bəşəri keyfiyyətləri təqdim edir. Ermənistan isə öz ərazisi və işğal olunmuş torpaqlarda narkotik plantasiyalar yetişdirərək onu Rusiya və Avropaya göndərir. Habelə şimaldan silah almaqla onu cənuba, terrorçuların məskunlaşdığı ərazilərə göndərir. Yəni, Ermənistanın bu çirkin fəaliyyəti dünya üçün problemə çevrilib. Ancaq təəssüf ki, dünya birliyi sanki narkotika və silah satanı, başqa dövlətin ərazisini işğal edəni müdafiə etməklə məşğuldur. Ermənistanda həmçinin istismar müddəti çoxdan başa çatan və qəza vəziyyətində olan «Metsamor» atom elektrik stansiyasının fəaliyyətini davam etdirməsi təkcə Azərbaycan deyil, bütün region dövlətləri üçün ciddi təhlükə mənbəyidir. Amma buna baxmayaraq, Azərbaycandan başqa digər region ölkələri bu məsələyə də göz yumurlar. Bütövlükdə Ermənistan sülh və həyat üçün təhlükə mənbəyinə çevrilib. Bu ölkənin siyasəti, iqtisadiyyatı, həm də bütün digər hərəkətləri təhlükə mənbəyidir. Amma dünya belə əməllərə göz yumur, ədaləti, haqqı deyil, haqsızlığı müdafiə edir. Nəticədə cinayətkar, təcavüzkar bir rejim qorunub saxlanılır. Azərbaycan hər zaman bəyan edib ki, dünyanı lərzəyə salan bu bəladan bəşəriyyəti xilas etmək gərəkdir. Əks təqdirdə, bu bəla getdikcə böyüyərək dünya üçün daha ağır fəsadlar törədəcək. Azərbaycan bu bəladan öz gücünə qurtulacaq. Ancaq dünya xilas olmaq istəyirsə, vaxtında onun qarşısını almalıdır. Təəssüf ki, hələlik dünya birliyi Ermənistanın bu çirkin əməllərinə göz yumur. Azərbaycan bu barədə dünyanı dəfələrlə xəbərdar edib və edir. Bu məsələ bir nömrəli problem kimi dəfələrlə Azərbaycan Prezidenti tərəfindən də dəqiqlik və cəsarətlə ortaya qoyulub. Bu bəlanın başımıza hansı müsibətlər gətirdiyini bilirik. Ona görə də ondan xilas olmaq üçün dövlətimizi, dövlətçiliyimizi, ordu və müdafiə qüdrətimizi gücləndiririk. Cinayətkar Serj Sarkisyan Fransa və Rusiyaya səfər etdi. Ardınca Prezident İlham Əliyev Fransaya səfər etdi və burada da öz prinsipial mövqeyini ortaya qoydu. Ancaq məsələ ondadır ki, Sarkisyan kimi həyasız cinayətkar səfərlərində işğal siyasətini davam etdirə-etdirə utanmadan sülh tərəfdarı olduğunu bəyan edir. Amma ona sülhü məhz Ermənistanın pozduğunu, işğal siyasəti yeritdiyini deyən yoxdur. Yəni, Sarkisyan tülkü həccə gedər məsələsində olan tülküyə oxşayır, timsahın göz yaşlarının nümunəsinə çevrilir. Amma onu hələlik yerində oturdan yoxdur. Lakin vaxt gələcək, onu Azərbaycan əsgəri yerində oturdacaq və Sarkisyan məhkəmə qarşısında cavab verəcək.
Ermənistanın işğal etdiyi torpaqlarda silah, narkotika və insan alverilə məşğul olmalarına dünyanın susmasına gəldikdə, yəqin ki, vəziyyətin bu cür olması fəaliyyətlərini ikili standartlar üzərində quran ölkələrə sərf edir. Yəqin ki, Ermənistan rəhbərliyində olan cinayətkar Qarabağ klanı ilə əlaqədə olan və bir sıra xarici dövlətlərdə hətta hakimiyyətə sahib olmuş kriminal cinayətkar dəstələr var. Belədə Ermənistanın işğal altında olan torpaqlarda həyata keçirdiyi cirkin əməllər yəqin ki, xaricdəki hamilərinə də sərf edir. Ona görə də erməniləri qoruyurlar”.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi sədrinin müavini Leyla Yolçuyeva da qeyd etdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında narkotik maddələr yetişdirməsinə dünya birliyinin göz yumması onların da mövcud prosesdə maraqlı olduqlarını göstərir: “Vaxtilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən “Dağlıq Qarabağda narkotrafika” adlı kitab çap edilib. Orada ətraflı şəkildə qeyd olunub ki, Dağlıq Qarabağda narkotrafika günü-gündən inkişaf edir.
Beynəlxalq və Amerikadan olan bir çox təşkilatların hər il verdikləri hesabatlarda da Ermənistan işğalı altında qalan torpaqlarda narkotik vasitələrin qeyri-qanuni olaraq yetişdirildiyi və sonradan satışa çıxarıldığı barədə məsələlər yer alıb. Amma buna baxmayaraq, həmin beynəlxalq təşkilatlar hesabatlarında faktı qeyd etsələr də, reallıqda onun baş verməsinə göz yumurlar. İşlərini hesabatda qeyd etməklə bitmiş hesab edirlər. Amma həmin bəla ilə mübarizə apara bilmir, yaxud da mübarizə aparmaq istəmirlər. Vəziyyətin belə olması ondan xəbər verir ki, işğal olunmuş ərazilərdə narkotik maddələrin yetişdirilməsində həmin beynəlxalq təşkilatlar da bu və ya digər dərəcədə maraqlıdırlar. Çünki sonradan həmin maddələrin Avropa və digər ölkələrə satışı həyata keçirilir. Narkotika, silah və insan alverindən gələn gəlir olduqca böyükdür. Görünür, məhz bu amil dünya birliyini Ermənistanın həmin çirkin əməllərində də göz yummağa sövq edib. Yəqin ki, bu yolla əldə olunan gəlirin bir hissəsi Ermənistanı həmin məsələdə himayə edən ölkələrin iqtisadiyyatı, yaxud da «qara bazar»ına daxil olur”.
Rüfət NADİROĞLU