Diaspor nümayəndələri işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər

17 Mart 2017 17:21 (UTC+04:00)

 

Diaspor Jurnalistləri Birliyi və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı ilə xaricdə yaşayan və təhsil alan soydaşlarımızın  martın 16-da Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Səfərdə Rusiya, Hollandiya, Polşadakı diaspor üzvləri iştirak ediblər. Eyni zamanda səfərə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, CASCFEN ictimai  birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Peşeyönümlü tehsilin inkişafına yardım ictimai birliyi və digər vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də gənc ictimai fəallar qoşulublar.

Səfər Azərbaycan torpaqlarının azadlığı uğurunda canlarından keçən vətən övladlarının ruhuna hörmət olaraq Bakıdakı Şəhidlər Xiyabanından başlayıb.
Diaspor və vətəndaş cəmiyyəti üzvləri öncə Cocuq Mərcanlı kəndindəki yeganə ailənin başçısı Oqtay Həziyevlə görüşüblər. Həmçinin kənddə aparılan tikinti-abadlıq işləri ilə yaxından tanış olublar. Daha sonra qonaqlar  N saylı hərbi hissədə olublar. Əsgərlərimizi Novruz bayramı münasibətilə təbrik ediblər. 
Qeyd edək ki, Cocuq Mərcanlı kəndində səfər iştirakçılarını Müdafiə Nazirliyinin hərbiçiləri və Daxili İşlər Nazirliyinin polisləri müşayiət ediblər.