Teleseriallar üçün sponsor problemi qabarır
5 Fevral 2013 19:03 (UTC+04:00)
Məlum olduğu kimi ilk seriallar Latın Amerikasında yaranıb.
Müstəqillik qazandıqdan sonra bu ölkənin istehsalı olan seriallar
Azərbaycanda da yayımlanmağa başladı. Keçən ildən etibarən
Azərbaycanda, Milli Televiziya və Radio Şurası mühüm bir qərar
qəbul etdi. Azərbaycanda xarici teleserialların yayımlanması
dayandırıldı və öz milli seriallarımızın çəkilməsi üçün dövlət
tərəfindən telekanallara pul ayrıldı.
Ölkəmizdə "Kabusun Kölgəsində", "Məhkumlar", "Sirr", "Pərvanələrin
Rəqsi", "Bacanaqlar", "Həkimlər" və bu kimi bir çox teleseriallar
çəkilib yayımlanır. Əksər ölkələrdə teleserialların çəkilişi və
nümayişi artıq ciddi biznesə çevrilib, bəs görəsən Azərbaycanda
vəziyyət necədir?
Hal hazırda çəkilişləri davam edən "Məhkumlar" bədii serialının
rejissoru, "Oscar production"ın rəhbəri Yaşar Əhmədov Azərbaycan
seriallarına ayrılan sərmayənin nələrə kifayət etməsi ilə bağlı
Movqe.az saytına açıqlama verib: "Azərbaycanda serialların
çəkilməsi yeni olduğundan biz həm işləyirik, həm də ki, nələrisə
daha mükəmməl öyrənməyə çalışırıq Əslində, özümüz-özümüzdən bir növ
təcrübə toplayırıq . İlkin mərhələ üçün serialların çəkilişi normal
hesab oluna bilər. Gələcək mərhələlərdə təbii ki, daha gözəl və
uğurlu nəticələr əldə etməmiz üçün sponsorlar və əlavə şirkətlər
qoşulmalıdırlar. Serialların çəkilməsi dövlətin dəstəyi ilə
başlanıldı, hesab edirəm ki, bu təkcə bu cür formada qalmamalıdır,
bir çox şirkətlər dəstək olmalıdır bizə və bu proses intensive
şəkildə davam etməlidir. Hal-hazırda keyfiyyət qismən məni qane
edir. Fikrimcə, aidiyatı qurumlar bu keyfiyyət məsələsini nəzərə
alsalar, daha yaxşı olar. Hələ ki özümüzə türk seriallarının
1990-cı ildən sonrakı dönəmlərini örnək ala bilərik. Getdikcə
keyfiyyət məsələsi təbii ki, düzələcək. Dövlət tərəfindən ayrılan
maliyyə sadəcə dəstək və təkan idi. O kifayət etmək üçün
deyildi.Sadəcə dövlətin verdiyi sərmayəni laiqincə dəyərləndirmək
lazımdır. Bütün bunların mütləq şəkildə davamı gəlməlidir".
Milli Teleradio Şurası, serialı çəkən şirkətlər, ona reklam
verənlər də bu məsələdə maraqlıdırlar. Serial çəkən şirkət
telekanalla müəyyən məbləğ üzərində razılaşır. Kanal da o serialın
qazandığı reytinqə görə bonus verir. Beləcə, kanallar işin başında
yüksək məbləğ verib, seriala sahib olmazsa, şirkət bir müddətdən
sonra başqa kanala üz tuta bilər. Bir tərəfdən də şirkət yüksək
bonusu qazanmaq üçün serialın ilk bölümlərinə yüksək məbləğ sərf
edir. Hər şeyin gözəl olmasına çalışır. Bəlkə də ilk mərhələlərdə
şirkət özü bir şey qazana bilmir, amma gələcəyə ümidlidir, çünki
böyük tamaşaçı kütləsi toplayandan sonra reytinqi də artır, qazancı
da…