Avropa Komissiyası: Azərbaycan yaxın aylarda “Nabucco”nun taleyini həll edəcək

24 Aprel 2012 21:15 (UTC+04:00)
"APA-ECONOMICS"in "Ukrinform"a istinadən xəbərinə görə, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının nümayəndəsi Marlen Xolzner açıqlama verib.
Macarıstanın MOL şirkətinin "Nabucco" qaz kəməri layihəsində iştirak etməkdən imtina etməsi qərarını şərh edən M.Xolzner qeyd edib ki, yaxın aylarda Azərbaycan Avropaya qazı hansı kəmərlə nəql edəcəyini müəyyənləşdirəcək və "Nabucco" da mümkün variantlardan biridir: "Hazırda danışıqlar davam edir".
M.Xolznerin dediyinə görə, bu məsələdə Avropa Birliyi üçün əsas məsələ Xəzər regionunda Azərbaycanın sahib olduğu enerji ehtiyatlarına birbaşa çıxışın əldə olunmasıdır: "Söhbət "Cənub" dəhlizi layihəsindən gedir. Buraya "Nabucco"dan başqa, Trans-Adriatik (TAP) və ITGI (Interconnector Turkey - Greece - İtaly) qaz kəmərləri də daxildir".
Qeyd edək ki, "Nabucco" qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.
Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan "Nabucco" qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.