“Ermənistan və Azərbaycan masa arxasına oturmalı və Dağlıq Qarabağ münaqişəsini vasitəçi olmadan həll etməlidir”.
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib.
O bildirib ki, bu məsələnin həlli ilə münaqişə tərəfləri məşğul olmalıdır: “Bu bizim, mənim məsələm deyil. Bizim edə biləcəyimiz heç nə yoxdur. Amma Ermənistan prezidenti və ya Ermənistanda, həmçinin Azərbaycanda mənim mövqeyimi soruşanda, harada olmağımdan asılı olmayaraq deyirəm ki, insanlar ləyaqətli yaşamağa layiqdirlər. İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşayırlar. Ona görə də bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan masa arxasına oturmalı, məsələni həll etməlidir. Əgər onlar kimisə zamin kimi görmək istəyirlərsə, özləri qərar verməlidir”.
Belarus liderinin sözlərinə görə, insanların həlak olmasından və yoxsulluqdan əziyyət çəkməsindən siyasətdə vasitə kimi yararlanmaq olmaz: "Bu bizim bütün münaqişələrlə bağlı dəyişməz mövqeyimizdir".